Wikipedia

Arama sonuçları

3 Temmuz 2016 Pazar

QƏDİM İRAN MƏDƏNİYYƏTİ 

Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda iranlı (fars) tayfaları köçəri həyat sürürdülər. Bu ərazidə yaranmış İran dövlətinin əsasını Əhəmənilər sülaləsi qoymuşdur. Farsların başçısı I Kambiz Midiyaya tabe idi. O, Midiya çarı Astiaqın (584-550) qızı Mandanaya evlənmişdi. Mandanadan olan Kir (e.ə. 558-530) inzibati və pul islahatı keçirdi. Vahid pul sistemi yaratdı. Ölkə 20 satraplığa bölündü. Satraplığa satrap başçılıq edirdi. Persepolla yanaşı, Babil, Suz, Ekbatan şəhərləri də İranın paytaxtı idi. İran-yunan müharibələrində (e.ə. 490-449) İran məğlub oldu. Əhəmənilər dövründə mixi yazı əsasında qədim fars yazı növü icad edildi. Farslar şəmsi-qəməri (günəş-ay) təqvimi tərtib etmişlər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə TəxtiCəmşid deyirdilər. Əhəmənilər imperiyası e.ə. IV əsrin sonunda zəiflədi, İsgəndər Persepol şəhərini tutdu, İranın sonuncu padşahı III Dara öldürüldü. İran Əhəmənilər imperiyasına son qoyuldu. Bir neçə əsrdir ki, elmi və bədii ədəbiyyatda İran və fars dövləti anlayışları yanlış olaraq sinonim kimi işlədilir. Bunun yanlış olmasının başlıca səbəbi İranda tarixən məskunlaşan xalqların unudulması, nəzərdən qaçırılmasıdır. Nəticədə təqribən 3 min ildən çox bir müddət ərzində İran ərazisində yaraşan mədəniyyət və digər mənəvi sərvətlər yanlış olaraq farsların adına çıxarılır. Avropa və rus tarixçi və ədəbiyyatçılarının bir qismi hətta ifrata vararaq bütövlükdə İranı Persida adlandırmışlar. Bəzi tarixçilərin fikrincə, «İran» adı əslində coğrafi anlayış olmaqla geniş bir əraziyə (yaylaya) şamil edilir. Bu coğrafi anlayış bəzən İran dilləri qrupunu bildirən məfhum kimi də işlədilir. İran dilləri qrupuna fars, puştu, tat, Mazandaran, tacik, Gilan, kürd və başqaları daxildir187 İran mətnləri qədim fars mətnlərində, eləcə də hələ də mübahisəli olan «Avesta» mətnlərində təmsil olunmuşdur. Bir sıra Azərbaycan alimləri Avesta dilinin fars dili ilə əlaqəsini qəbul etmirlər. Sonralar Urartu mədəniyyətində məzdəkilik şəklində özünü göstərən zərdüştiliyin əsl sahibi etnik cəhətdən türk qəbilələrindən təşkil olunmuş midiyalılardır və Urartu mədəniyyətinə indi sahib durmuş ermənilərə nəinki məzdəkizmin və zərdüştiliyin, hətta etnik kökü etibarilə «onoqurlarla»- »utiqurlarla», yəni türk tayfalarına bağlanan Urartu dövlətinin və mədəniyyətinin də qətiyyən aidiyyəti yoxdur. Burada eyni zamanda udin-kutilərin də tarixi adlarının təhrifindən danışılır, sözlərin əslən yəhudi mənbələrində «Uqin» («Uquz») olduğu təsdiq edilir ki, bu etnosların da qədim türklərə məxsusluğu aydındır. Beləliklə, Avestanın bizə gəlib çıxmış kitabları qədim Azərbaycan ədəbiyyatının əsərləridir. Coğrafi anlayış kimi İranın əhatə etdiyi ərazi və orada yaşayan müxtəlif xalqların nümayəndələri bu ölkəni özlərinin doğma vətəni hesab etmişlər. Deməli, «İran» adı altında yalnız bir xalqın - yəni farsların vətəni deyil, əksinə, bir sıra xalqların vətəni başa düşülməlidir. Bunu «İran» mədəniyyəti anlayışı haqqında da demək olar. Lakin «İran» mədəniyyətinin müxtəlif tarixi dövrlərin məhsulu olduğu da unudulmamalıdır. Qədim İran mədəniyyəti İran yaylasının və onunla həmsərhəd Orta Asiya vilayətləri əhalisinin, çoxsaylı İran tayfa və xalqlarının yaratdığı mədəniyyətdir. Həmin mədəniyyətin yaradılmasında Azərbaycan xalqının inkaredilməz rolu olmuşdur. Tarixçilərin fikrincə, e.ə. III-II minilliklərdə Urmiyyə gölü hövzəsində kuti, lullubi, su (suv), turukki tayfaları yaşayırdılar. Həmin tayfalar adları bizə məlum olmayan, lakin başqa (o cümlədən Hurri, Qafqaz, Elam) dillərində danışan əhali ilə ünsiyyətdə olmuşlar. Eramızdan əvvəl I minillikdə İran ərazisində kuti və lullubi etnosları ilə yanaşı, bir sıra başqa ad daşıyan tayfalar da yaşamışlar. Urmiyyə gölü hövzəsində Manna dövləti yarandıqdan sonra, onun ərazisi Assur mixi yazılarında «Mannaya ölkəsi», yəni «mannalıların ölkəsi» adlanırdı. Yəqin ki, «mannalı» anlayışı188 bir sıra etnosların, o cümlədən etnik cəhətdən qohum olan etnosların ümumi adı olmuşdur. Lakin Manna xüsusi antroponim və yer-toponim adlarının təhlili mövcud olan dillər barədə mühakimə yürütməyə imkan verir. Manna yer adlarının bir qismi türk dillərində izah olunur. Bəzi Manna hökmdar adları türk mənşəli hesab oluna bilər. Çox güman ki, bu etnos hələ Aratta dövründə burada yaşayırmış və ölkədə onun dilində işlənən söz ilə Aratta (Alateye, yəni «dağ», «dağlıq ölkə») adlanmışdır. Bu toponimlər prototürk, yaxud protoazərbaycan dilinə mənsub idi. Lullubi, turukki və sular Arattanın sakinləri olmuşlar və prototürk (protoazərbaycan) dilində danışırmışlar. Bununla əlaqədar «turukki» etnonimini «türk» adının erkən forması kimi qəbul etmək olar. İranın, İraqın, Türkiyənin, Zaqafqaziyanın, Orta Asiyanın bir çox ərazilərində hələ ən qədim dövrlərdən türklərin məskunlaşması məsələsini müdafiə edən alimlərimizin sırası getdikcə artmaqdadır. Coğrafi anlayış kimi İran yaylasının sərhədləri Qərbdə Zaqros dağlarından, Şərqdə Hindistan (İndi Əfqanıstan, Pa-kistan) ərazisindən, Şimalda Araz çayından başlayır, Cənubda fars körfəzinə çatır. Bu ölkə son zamanlaradək «Persiya» (Farsistan) adlanırdı. XX əsrdə dövlət tərəfindən rəsmi olaraq «İran» adı qəbul edilmişdir. Bəzi alimlərin fikrincə, «İran» adı qədim dövrdə «Ariana» («ari» ölkəsi) şəklində işlədilirmiş, lakin Ariana qədim yunan qaynaqlarında bütün İran yaylasına yox, ancaq onun Şərq hissəsinə (indi: Seistana) şamil edilirdi. Avestada həmçinin «Arianam veyca» («ari ölkəsi») adı çəkilmişdir. Bəzən bu ölkəni Orta Asiyada qədim Xarəzm ərazisində yerləşdirirdilər. Mərv və Herat şəhərini onun mərkəzi hesab edirdilər. Əhəmənilər dövründə Arey («Ariya») Xarəzm və Soqdiana ilə bir canişinliyə daxil idi və Xarəzmdə axan çay Ak adlanırdı (ola bilsin ki, Ak çay adı türk sözü ak (aq) «ağ, ağımtıl (çay)» mənasını daşıyırmış). Beləliklə, Arianam (Ariana) Arey İran yaylasının Şərq və şimal-şərqində müəyyən əraziyə verilən ad olmuşdur. «Ariana» adının İran formasına çevrilməsi inandırıcı deyildir, «İran» adının əmələ gəlməsində başqa komponentlər iştirak etmişdir. Ariana xoronimi «ari» tayfa adından əmələ gəlmişdir. Türk dillərində ari - arı «təmiz, alicənab, kübar «müqəddəs» mənalarını saxlamışdır. «Ari» tayfa adını da eyni cürə mənalandırırlar. «İran» adında isə «ir» etnonimi və an cəm şəkilçisi iştirak edir. Etnonim «ir» qədim türk dillərində ər, er sözlərinin digər fonetik forması olmaqla, «kişi, cəsur, qoçaq» mənalarını daşıyırdı. «Arı» və «ir» sözləri ancaq türk dillərində qalmışdır. Hind-İran tayfaları birliyi e.ə. II minilliyin sonu-I minilliyin əvvəlində parçalanmışdı. İrandilli tayfalar cənub-şərqi Avropadan hərəkətə başlamış, bir qismi Orta Asiyaya getmiş, digər qismi isə Qafqaz dağlarını aşaraq İran yaylasına gəlmişdir. İkinci ehtimala görə, onlar Orta Asiyadan hərəkət edərək İran yaylasında tədricən məskunlaşmışlar. Tarixi-filoloji dəlillərə əsaslanan başqa ehtimala görə, HindAvropa dil birliyi Ön Asiyada Hind və İran qollarına parçalanmış, Hind dilini daşıyan etnoslar Hindistana yönəlmiş, İran dillərində danışanlar isə İran yaylasında məskən salmışdır. Eyni zamanda müxtəlif dövrlərdə İrandilli tayfaların bir qismi Qafqaza və Orta Asiyaya hərəkət etmişdir. Hələ e.ə. III-II minilliklərdə İran ərazisində müxtəlif dövlətlər meydana gəlmişdi. Əsrlər keçdikcə həmin dövlətlər birbirini əvəz etmişdir. Aratta, Lullubi, Kuti, Elam, Midiya, Urartu, Manna, Əhəmənilər, Atropatena, Sasanilər və s. dövlətlər tarix səhnəsinə çıxmış, bəzisi isə uzun müddət ömür sürmüşlər. Həmin dövlətlərin ərazisində yaşayan xalqların mədəniyyətində eyni cəhətlər çox olmuşdur. E.ə. I minillikdə zərdüştilik qəbul edildikdən sonra bu özünü mədəniyyətdə də göstərmişdir. Həmin dinin müxtəlif xalqlar tərəfindən qəbul edilməsi onların mədəniyyətinin formalaşması işində müxtəlif xalqların iştirak etməsinə böyük təsir göstərmişdir. Məlum olduğu kimi, İranın ən qədim əhalisi müxtəlif allahlara sitayiş edirdi. Qədim Elamda allahlar panteonu mövcud idi. Qaynaqlar Urmiyyə gölü sakinlərinin dini dünyagörüşü barədə çox cüzi təsəvvür yaradır. Burada çoxallahlılıq-politeizm, bütlərə sitayiş mövcud olmuşdur. Tarixi faktlar sübut edir ki, assurilərdəfələrlə Manna allahlarının təsvirlərini qənimət kimi aparmışdılar. İranın cənubunda olan xalqlar, o cümlədən farslar arasında zərdüştilik təlimi yayılmışdı. Herodotun verdiyi məlumata görə, onlar məbəd tikməzdilər, ibadəti açıq havada keçirərdilər. Həmin xalqlar müxtəlif təbiət qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. dini ibadətə çevrilmişdi. Bütün bunlar Avestada təsvir olunan miflərdə öz əksini tapmışdı. İran mədəniyyəti haqqında əsas məlumatlar qədim abidələrdə qorunub saxlanılmışdır. Həmin abidələr içərisində Avesta özünəməxsus yer tutur. Avestada ən qədim əsatirlər öz əksini tapmışdır. Bunlar eyni zamanda «Şahnamə», «Bəhmənnamə», «Camasbnamə», «Geştasbnamə», pəhləvi kitabları, «Artaviraknamak» və s. əsərlərdə geniş şəkildə təsvir olunmuşdur. Div, pəri, əjdaha, Simurq quşu kimi mifoloji obrazlar, o cümlədən tarixi şəxsiyyətlər hesab edilən Cəmşid (Avestada ilk insan, ilk padşah Yima adlanır), Huşəng, Təhmuras, Kəyumərs, Zöhhak, Fərudin, Mənuçöhr, Nuzər, Gərşasb və b. adlar təkcə farsdilli ədəbiyyatda deyil, həmçinin türk xalqlarının dastan, əsatir yaradıcılığında geniş əksini tapmışdır. Həmin eposlardakı təsvirlər təbiət qüvvələrinin canlılaşdırılmasından başlanır. Tarixin əvvəllərində bu inikasın obyektləri, hər şeydən əvvəl, təbiət qüvvələrindən ibarətdir və bunlar sonrakı təkamül zamanı müxtəlif xalqlarda ən müxtəlif və cürbəcür şəkildə canlandırılır. Bu ilkin proses müqayisəli mədəniyyət vasitəsi ilə hər halda HindAvropa xalqları arasında izlənərək, Hind vedalarındakı ilk təzahürünə qədər araşdırılmış, onun sonrakı inkişafı isə hindular, farslar, yunanlar, romalılar, germanlar, keltlər, litvalılar və slavyanlar arasında ətraflı tədqiq edilmişdir. Dünyagörüşü əsasında doğulmuş fantastik obrazlar öz müstəqilliyini uzun müddət saxlaya bilir. Burada onun reallığına zəif də olsa, inamın olması mühüm rol oynayır. Lakin fantastik obrazlar doğulduğu dünyagörüşü atmosferini yaşayaraq bədii şüura çevrilir, obrazlar və motivlər dairəsini yaradır. Qədim Şərq mədəniyyətində, onun mifologiyasında allah obrazları üstünlük təşkil etmişdir. Qədim İran mədəniyyət nümunələrində isə mifoloji şahların təsvirinə daha çox yer verilmişdir. Həmin şahları təsvir edən eposlar içərisində Firdovsinin «Şahnamə»si mühüm yer tutur. Qədim yazılı abidələrdə, o cümlədən «Şahnamə»də mifoloji şahlar həmçinin mədəni qəhrəmanlar rolunda çıxış edir. «Şahnamə»də ilk mifoloji şah kimi Kəyumərs təsvir olunur. Kəyumərs paltarı kəşf edir, çiy ət yeməkdən bişmiş ət yeməyə keçməkdən ötrü odu kəşf edir. Kəyumərs Əhrimənin yaratdığı divlərlə mübarizə edir, bu yolda onun oğlu Siyamək qurban gedir. Yalnız Siyaməkin oğlu, Kəyumərsin nəvəsi Huşəng atasının intiqamını alır. Huşəng surəti bir mifoloji şah surəti kimi mürəkkəb obrazdır. Qədim İran mifologiyasının mədəni qəhrəmanları içərisində Huşəng özünəməxsus yer tutur. «Pardaxta» titulunun Huşəngə aid olması ehtimalı mövcuddur. «Avesta»da bu titul Huşəngin adı ilə yanaşı çəkilir. Sülalə anlayışı verən «Pardaxta» əvvəllər Huşəngin adı olmuş, sonradan isə onun tituluna çevrilmişdir, daha sonralar isə İranın bütün mifoloji və əfsanəvi hakimlərinə, o cümlədən İranın əbədi düşmənləri olan Əfrasiyaba, hətta Zöhhaka da aid edilmişdir. Xaoşyanqa (Huşəng «Avesta»da belə adlanır) Pardaxta Ahura Məzdanın göstərişi ilə 7 ölkəni idarə edən ilk insan olmuşdur. (7 ölkə anlayışı iranlıların və qərbi türklərin xalq yaradıcılığında «bütün dünya» kimi başa düşülür). Huşəng təkcə adamlar üzərində deyil, həmçinin divlər və cadugərlər üzərində ağalıq edirmiş. Huşəng divlərin qoşununu elə darmadağın etdi ki, onlar birdəfəlik zülmətdə gizlənməli oldular. O, iki dəfə Mazandaran divlərinə qalib gəlir, sonra Ahura Məzdaya böyük qurban verir. Huşəng odu kəşf edir, balta, mişar icad edir, adamlara torpağı əkib becərməyi öyrədir, oda sitayişin əsasım qoyur. O, əlindəki daşı dağdakı vəhşi ilana atır, ilan daşdan yayınır, lakin daş qayaya dəydikdən sonra oradan od çıxır.

Yunanıstandan başlayaraq Həbəşistana, Liviyadan başlayaraq Hindistana qədər uzanan bu imperiya bir dildə, aramey dilində danışırdı. Əhəmənilər sülaləsinin nümayəndələri Kir, Kambiz, I Dara və başqaları müdrik dövlət müşavirləri vasitəsilə dövlət idarəçiliyində böyük uğurlar qazanmışdılar. Midiyanı, Babilistanı və Misiri işğal edərək həmin ölkələri öz hakimiyyəti altına salmışdılar. Bu ölkədə Zərdüştlü kimi dualist dini hakim din idi. Həmin dində xeyir allahı Ahuraməzda, şər allahı Əhrimən arasında əbədi mübarizə gedir. Bu isə həm mədəniyyət və incəsənətdə, habelə müqəddəs dini kitab olan «Avesta»da öz əksini tapmışdır. Persepol şəhərinin saraylarındakı təsvirlər, Bisütundakı yazılar diqqəti cəlb edir. Məlum olduğu kimi, Qədim İran çoxallahlığın hökm sürdüyü bir ölkə olmuşdur. Lakin Zərdüştlük təkallahlığa doğru böyük addım hesab oluna bilər. Bu isə mifologiyada, şifahi və yazılı ədəbiyyatda öz əksini tapmışdır. Haxamanişlərin dövründə İranın cənubunda Pasarqad və Persepol şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi keçirilirdi. Şəhərdə gözəl şah sarayları tikilmişdi. Onu qala divarları əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman adlandırırlar. Saray divarlarında dörd qanadlı heyvan təsvir olunmuşdu, üstündə isə "Mən Kuruşam, Haxamaniş şahıyam" yazılmışdı. Saraylardan aralı bir yerdə Kuruşun məqbərəsi tikilmişdi. Saraylar qara və ağ daşdan bəzədilir, divarlara müxtəlif mövzulu naxışlar vurulurdu. Persepol Şirazdan 50 km aralı, şimalda yerləşirdi. Şəhərin salınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta əsrlərdə Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından (apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və qədim fars) yazı həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr (saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri) təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də başlarmış. Haxamaniş şahları Suz şəhərində geniş tikinti işləri aparırdılar. Suz şəhərində saray tikintisi barədə I Daranın kitabəsi məlumat verir: "Bu sarayı mən Suzda tikdirdim. Onun bəzəkləri uzaqlardan gətirilmişdir. Torpaq çox dərin, ta ki qayanın özülünə çatınca qazıldı. Sidr Livan dağlarından gətirildi. Assur xalqı onu Babilə gətirdi. Karilər və İoniyalılar onu Suza çatdırdılar. (Hind) palıd ağacı Qəndəhər və Kirmandan gətirildi. Burada işlədilən qızıl Sard və Baktriyadan gətirildi. Əlvan daşlar, lacivərd və əqiq ki, burada istifadə olunurdu, Soqddan gətirilmişdi. Burada işlədilən tünd göy əlvan daş (firuzə) Xarəzmdən gətirilmişdi. Burada istifadə olunan gümüş və tunc (yaxud qara ağac) Misirdən gətirilirdi. Divar bəzəkləri İoniyadan gətirilmişdi. Burada işlədilmiş fil sümüyü Efiopiya (Kuş), Hindistan və Araxoziyadan gətirilirdi. Burada işlədilən daş sütunlar Elamın Abiraduş kəndindən gətirilmişdi. Daşyonanlar ioniyalı və lidiyalılardı. Qızılla işləyən zərgərlər midiyalı və misirlilərdi. Ağaca naxış vuran adamlar midiyalı və misirlilərdi. Kərpic tökən adamlar babillilərdi". I Dara böyük bir təmtəraqla Suz şəhərində saray dəsti inşa etdirdi. Burada 100-dən çox otaq tikilmişdi, 12 ölkədən material gətirilmişdi. Saraya ağ, qırmızı, qara və Sarı mərmər döşənmişdi. Ziyafət otağının tavanı 20 m-lik sütunlara dirənirdi, sütunların yuxarı hissəsi öküz başı rəsmi ilə bəzənmişdi. Ruradan tapılmış kitabədə deyilirdi: "Bax, bu ölkələrdən saray üçün bəzək gətirmişdilər. - Pars, Elam, Midiya, Babil, Assuriya, Ərəbistan, Misir, dənizarxası ölkələr, Lidiya, İoniya, Urartu, Kappadokiya, Parfiya, Drangiana, Areya, Xarəzm, Baktriya, Soqdiana, Qandhara, Skitiya, Sattagidiya, Araxosiya...". Nəqşi-Rüstəmdə (Persepol yaxınlığında) Haxamaniş dini abidələr dəsti yaradılmışdı. Burada I Daradan başlayaraq dörd Haxamaniş şahının qaya oyuqlarında məqbərələri inşa edilmişdi. Haxamanişlər dövründə mixi işarələr əsasında qədim fars yazı növü icad edilmişdi. Bu yazı "hecalı əlifbadan" ibarət idi. Qədimfars mixi yazısının yaradılmasını I Daranın adına çıxırlar. Bəzi mülahizələrə görə, bu yazı növü əvvəllər də işlədilirdi, guya onu midiyalılar Urartu mixi işarələrinin təsiri altında icad etmişdilər, sonra haxamanişlər bu yazı növünü midiyalılardan mənimsəmişdilər. Lakin bu mülahizəni təsdiq edə biləcək Midiya mixi yazısı nümunəsi tapılmayıb. Ehtimal edirlər ki, midiyalılar akkad, yaxud arami yazı növündən istifadə edirdilər. Herodotun məlumatına görə, midiyalı Harpaq II Kuruşa məktub yazmışdı, Kuruş özü Astiaqın adından məktub tərtib etmişdi. Bəziləri bu məktubların Midiya mixi yazısı ilə tərtib olunduğunu söyləyirlər. Lakin bu məktubların Elam mixi yazı növü ilə tərtib olunması fikri həqiqətə daha uyğundur. Hələ qədim fars yazı növü icad olunmazdan əvvəl I Daranın göstərişləri Elam, akkad və arami işarələri ilə yazılırdı. Bisütun yazısında I Dara deyir: "Mən əvvəl işlədilməyən kitabə növü yaratdım. (Bu) ari dilində gil və gön üzərindədir". Beləliklə, o, ilk dəfə ari dili mətnlərini yazıya köçürtdürdü. Belə hesab edirlər ki, ari dili anlayışı qədim fars və Midiya dillərini nəzərdə tuturmuş. Lakin bu belə deyil. Bəzi mülahizələrə görə, fars dili Midiyada da işlənirdi. Qədim fars mətnlərindəki bəzi fonetik fərqlər Midiya dilinə aid edilir, halbuki onlar əslində fars dilinin dialekt formalarıdır. Əksinə, belə də fərz edirdilər ki, Bisütun yazısının qədim fars nüsxəsi əslində, guya Midiya dilində tərtib olunmuşdu. Demək olar ki, Bisütun kitabəsinin Elam və Akkad nüsxələri qayaya əvvəlcə həkk olunmuş, sonra isə qədim fars yazı növü ilə tərtib edilmiş mətnlər Bisütun qayasına köçürülmüşdü. Haxamaniş kitabələri qədim fars, Elam və akkad dillərində müxtəlif mixi yazı növü ilə tərtib olunmuşdu. Eyni zamanda, arami dili və əlifbasından istifadə edirdilər. Qədim İran əhalisi təqvim sistemi yaratmışdı. Ən qədim təqvim elamlılara mənsub idi. Onlar ilk əvvəl Akkad təqvim sistemindən istifadə edirdilər. Ayların Elam dilindəki əvəzi qaynaqlarda əks olunmayıb. E.ə. I minilliyə aid qaynaqlarda Elam aylarının adı çəkilmişdir, lakin burada qədim fars dilinin təsiri özünü göstərirdi. Elam təqvimi qəməri təqvim əsasında yaranmışdı. Elam dili və mədəniyyəti Haxamaniş dövlətinin  tərkibində müəyyən əhəmiyyətli mövqeyə malik idi. Sənədlər elam dilində tərtib olunurdu. Suz mərkəz şəhərlərindən birinə çevrilmişdi. Burada Haxamaniş şahlarının xəzinəsi saxlanılırdı. Suz canişini eyni zamanda xəzinədar (elam dilində kabnişkir) idi. Haxamaniş dövləti dağıldıqdan sonra Elimaida da (keçmiş Elam) Kabnişkirlər (xəzinədarlar) sülaləsi hakimiyyətə gəlmişdi. Kabnişkiri sülaləsi hökmdarları pul kəsirdilər və hətta parflara tabe deyildilər. Eramızın II əsrində bu son Elam sülaləsinin də hakimiyyətinə son qoyuldu. Elam mədəniyyətinin izləri e.ə. VI minilliyə aid arxeoloji laylardan üzə çıxarılmışdı. Sonrakı minilliklərdə Elam mədəniyyətinin təsiri geniş yayılmışdı. Bu təsiri nəinki İran yaylasında və İkiçayarasında, həm də Cənubi Qafqazda və hətta Hindistanda müşahidə etmək mümkündür. Sinfi cəmiyyətə keçid zamanı Elamda piktorafik (şəkli) yazı sistemi icad edilmişdi. Buna oxşar işarələr Hindistanda da tapılmışdı. Bu işarələrin sayı təxminən 500-ə çatırdı. Piktoqrafik yazı sisteminin inkişafı Elam xətti yazı formasının meydana gəlməsinə səbəb olmuşdu. Xətti yazı piktoqrafik işarələrin sxematik (cizgi) görkəmini əks etdirir. Xətti yazı 80 və ola bilsin ki, daha çox işarəyə malik imiş. E.ə. III minilliyin ikinci yarısında elamlar Şumer-Akkad mixi yazı sistemini mənimsəmişdilər. Mixi yazı işarələri elam dilinin xüsusiyyətinə tam da olmasa uyğunlaşdırılmışdı. Mixi yazı elam dilinin fonetikasını, səs xüsusiyyətlərini aydın verə bilmirdi. Mixi işarələri ilə tərtib olunmuş ilk elamdilli yazı "Naram-Suen ilə müqavilənin" mətnindən ibarətdir. Elam mixi işarələrinin sayı 200-ə çatırdı. Bunlardan 174-ü hecalı işarələrdən, 25-i isə söz bildirən işarələrindən (loqoram) ibarət olmuşdu. Son Elam dövründə mixi işarələrin sayı azaldılmış, yazı sadələşdirilmiş və 123 mixi işarə saxlanılmışdı. Elamlılar öz kitabə və təsərrüfat sənədlərini nəinki elam dilində, həm də akkad dilində tərtib edirdilər. Mixi yazının işlədilməsi baxımından Elam İkiçayarası mədəniyyəti dairəsinə daxil idi. Elam mədəniyyətini yaradan əhalinin etnik tərkibi tam məlum deyil. Əhalinin əsas hissəsini elamlılar təşkil edirdi. Lakin bu ərazi təmiz elamdilli əhalidən ibarət olmamışdı. Erkən dövrdəburaya sami tayfaları yol açmışdı. Ola bilsin ki, Elamın cənubqərbində şumerlər də məskən salmışdılar. Şimaldan Elam ərazisinə turukkilər (prototürklər), kassilər və bəlkə də subir və hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri əhalinin elam mənşəli tərkibində dəyişiklik edə bilmədi. Son dövrlərdə Elam ərazisinə irandilli tayfalar yol açdılar. Onlar əvvəlcə Anşan vilayətində, sonra da Elamın başqa vilayətlərində məskən salmışdılar. Müxtəlif tayfaların Elamda məskunlaşmasına baxmayaraq Elam mədəniyyəti özünəməxsus əlamətləri saxlayırdı. Minilliklər ərzində elamların mənəvi aləmi, qədim ayinləri və dini görüşləri öz varlığını saxladı. Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm yer tuturdu. Elamlılara məxsus allahlar panteonu yaradılmışdı. "Narm-Suenlə müqavilə" şahid kimi 37 allah adını sadalamışdı. Burada Elam allahları ilə yanaşı Akkad allahlarının da adları çəkilmişdi. Elam panteonunda Akkad və bəlkə də başqa mənşəli allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim Şərqin digər ölkələrinə də xas idi. E.ə. III minillikdə Elam panteonuna ana ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam vilayətlərinin hərəsinin özünəməxsus ana ilahəsi vardı. Pinenkir Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi məlum idi. İkiçayarası əhalisi Pinenkiri özlərinin İştar (məhəbbət və məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər. Pinenkir böyük ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti əhalisi Kiririşa ("Böyük ilahə") ilahəsinə sitayiş edirdi. Anşan vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı. Kiririşaya ibadət ümum Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II minilliyin ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində baş vermiş və dərinləşmiş sosial-iqtisadi və ictimai dəyişikliklər dini təsəvvürlərə də təsir göstərmişdi. Elamlıların mənəvi aləmində ata nəsli hüququ üstünlük qazanmışdı. Humpan da "Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və Kiririşanın əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın nikahından allah Humpan yaranmışdı.Minillik ərzində ictimai-iqtisadi amillərin təsiri altında Elam panteonu dəyişilirdi. E.ə. III minillikdə allah İnşuşinak panteonda altıncı yer tuturdu. İnşuşinak adı Suz şəhərinin şumer adından əmələ gəlmişdir. Şumercə Nin-şuşin-ak əslində "Suzun (Şuşinin) sahibəsi" mənasını daşıyırdı. İlk əvvəllər İnşuşinak qadın ilahəsi kimi tanınmışdı. Min il sonra onun adı Humpan və Kirjrişa ilə yanaşı, bəzən də ikinci yerdə çəkilirdi. İnşuşinaka "zəiflərin atası", "allahların yerdə və göydə havadan", "Sirli allah" kimi rütbələr verilirdi. İctimai-iqtisadi münasibətləri əks etdirən sənədlərdə İnşuşinak andiçmə allahı mövqeyini tuturdu. Onun adı ilə and içirdilər, axirət dünyasında isə o, məhkəmə qururdu. İnşuşinak Elam axirət dünyasının hakiminə çevrilmişdi. And mərasimində onunla yanaşı ilahə İşmekarabın adı da çəkilirdi. İşmekaraba (akkadca "O, duanı eşitdi") ibadət ola bilsin ki, Akkad təsiri altında yaranmışdı. Bu ilahənin Elam müqabili Laqamal (yaxud Laqamar) olmuşdu. İşmekarab və Laqamal axirət dünyasının ilahələri hesab edilirdilər. İşıq dünyasının allahı Nahhunti (elamca "Günəş") idi. O, sənədlərdə şahidlərin havadarı kimi qələmə verilirdi. Nahhunti qanun-qaydanı qoruyur, hüquq və məhkəmə allahı vəzifəsini görürdü. Elamlılar ay allahı Napirə də sitayiş edirdilər. O, "yetimlərin atası" adını qazanmışdı. Narundi qələbə ilahəsi idi, lakin qonşu assurilər onu "yeddi şər ruhun" bacısı adlandırmışdılar. Elamlar bir çox yerli allahlar ilə yanaşı İkiçayarası allahlarına (Adad, Nerqal, Enki və s.) da sitayiş edirdilər. Elam cəmiyyətində çoxallahlılıq (politeizm) mövcud olmuşdur. Şifahi xalq ədəbiyyatı və əfsanələr Elam cəmiyyətində müəyyən yer tuturdu. Bunu qədim dövrün möhürləri və qabları üzərində əks olunmuş təsvirlərdən görmək mümkündür. Təsvirlər müxtəlif mövzuları əhatə edirdi. Möhür üzərində yırtıcı quş başı, dırnaqlı və qanadlı Aslan təsvir olunmuşdu. Antik ədəbiyyatda belə qarışıq əlamətlərə malik olan vəhşi heyvan qrif adlanırdı. Qrif surəti Elam əfsanəsinin məhsuludur. Qrif mövzusu möhür təsvirlərinə Elam şifahi xalq yaradıcılığından keçə bilərdi. Möhürlərdən biri üzərində ikicərgəli əfsanəvi təsvirlər həkk olunmuşdu. Şəkildə aypara və ulduz, insan başlı öküz, qrif, əllərində dirilik ağacları, heyvan üstündə allahlar və s. təsvir edilmişdi. Bu, Elam sənətkarlığının gözəl nümunəsi hesab olunur, lakin onun əfsanə məzmunu qaranlıq qalır. Digər möhürlər üzərində əks olunmuş əfsanəvi səhnələrin mövzusunu da açmaq tam mümkün deyildir. Bir sıra möhürlərin təsvirləri elamlıların gündəlik həyatına həsr olunmuşdur. Burada ov səhnəsi, torpağın kotanla şumlanması, üçdişli toxa ilə sahənin becərilməsi, qadınların xurma məhsulunu toplaması, keçilərin çöllərdən qayıtması və pəyəyə salınması səhnələri verilmişdir. Möhürlərin birində emalatxana təsvir edilmişdir: kişilər saxsı qab hazırlayır, qadınlar isə yun təmizləyir, bayırda anbarlara taxıl tökürlər, anbar yanında diz üstə oturan mirzə qəbul olunmuş taxılın hesabını aparır. Bunlar elamlıların gündəlik məşğul olduqları əmək prosesini gerçək əks edən təsvirlərdir. Elam sənətkarlığının gözəl nümunələrindən biri uzunsov qədəh hesab edilir. Onun üzərində dağ keçisinin əndamı ümumi şəkildə cızılmışdır. Dağ keçisinin yay kimi burulmuş buynuzlan belinə kimi çatdırılmışdır. Keçi təsvir olunan hissə çərçivəyə alınmış, onun üstündən isə sanki sıçrayışa hazırlaşan tazı təsvirləri verilmişdir. Yuxarı hissədə boğazı nazik və uzunsov quşlar təsvir olunmuşdur. Təsvirlərin hamısı ümumi incəlik və gözəl uyğunluq yaradır. Təsvir öz gerçəkliyi ilə fərqlənir. Nazik səthi olan güldana isə qıvrılıb qalxan ilan təsviri vurulmuşdur. İlan müxtəlif rənglərdə işlənmişdi. İlan Elam mədəniyyətinin ana xəttini təşkil edirdi. Elamlıların təsəvvürünə görə, ilan məhsuldarlığı təmsil edirmiş. Bitişik qoşa ilan təsvirlərinə rast gəlinir. Qoşa ilanlar məhsuldarlıq rəmzini bildirirmiş. Qoşa ilan mövzusu Misirə də sirayət etmişdi. Elamlılar ilanı ilahiləşdirmişdilər. Eyni zamanda ilana insan sifəti verilirdi. İnsan başlı ilan Elam mədəniyyətinə xas olan cəhətdir. Belə təsvirlər İkiçayarasında da məlum deyildi. Metaləritmə və metalişləmə sənəti Elamda yüksək inkişaf səviyyəsinə qalxmışdı. Hökmdar qadın Napirasunun heykəli buna bir nümunədir. Heykəl çox böyük əzəmətə malikdir. Heykəldə hökmdar dadının uzun barmaqları, qəddi-qaməti böyük bir incəliklə işlənmişdi. Abidənin ağırlığı 1800 q çatırdı. Hökmdar Untaş-Napirişaya məxsus tunc balta tapılmışdır. Baltanın tiyəsi  aslanın geniş açılmış ağzına yapışdırılmış, əl tutacağının sonu isə vəhşi qaban fiquru formasında qızıldan tökülmüşdü. Bununla əlaqədar Luristan tunc əşyalarının kökünü Elam metallurgiya sənətində axtarırlar. Memarlıq sahəsində də Elam sənətkarları öz üslubları ilə fərqlənirdilər. Dur-Untaş məbədi özünün əzəməti ilə, inşaat texnikası ilə İkiçayarası məbədlərinə oxşamırdı. Bu qülləli məbəd (zikkurat) beş mərtəbədən ibarət idi. Tikintidə çiy və bişmiş kərpicdən istifadə olunmuşdu. Minlərlə işçi qüvvəsi, bənna və memar tikintidə çalışırdı. Məbəd ətrafına qala divarı hörülmüşdü. Divarın yeddi darvazası vardı. Bəzi darvazaların önündə müxtəlif Elam allahlarına mənsub kiçik məbədlər tikilmişdi. Elam qonşu xalqlar mədəniyyətinə xeyli təsir göstərmişdi. Qədim fars təqvimi isə Babil qəməri-şəmsi (günəş-ay) təqvim sisteminə uyğun tərtib olunmuşdur. Təqvim 12 və bir əlavə aydan ibarət idi. İranda Zərdüşt təqvimi də işlədilirdi. Bu təqvim, adətən, ayları allahların adı ilə bildirirdi. İl 365 gündən ibarət idi. Babilistanda olduğu kimi, il 12 aya, hər ay 30 günə bölünürdü. İlə 5 gün əlavə edirdilər. Haxamaniş dövlətinin yaranması və yüksəlişi dövründə İran mədəniyyəti imperiyaya daxil olan xalqlara güclü təsir göstərmişdi və eyni zamanda, əks təsirə də məruz qalmışdı. İranın ən qədim əhalisi müxtəlif allahlara sitayiş edirdi. Elamda artıq müəyyən panteon sistemi yaradılmışdı. Qaynaqlar Urmiyyə gölü hövzəsi sakinlərinin dini dünyagörüşü barədə çox cüzi təsəvvür yaradırlar. Burada çoxallahlılıq, bütlərə sitayiş mövcud olmuşdur. Assurilər dəfələrlə Manna allahlarını (təsvirlərini) qənimət kimi aparmışdılar. İranın cənubunda farslar arasında zərdüştlük təlimi yayılmışdı. Herodotun verdiyi məlumata görə, farslar məbəd tikməzdilər, ibadəti açıq havada keçirirdilər. Onlar müxtəlif təbiət qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. sitayiş obyektinə çevrilmişdi. Ehtimala görə, zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. Zərdüştlüyün müqəddəs kitabı Avesta hesab edilir. Avestanın mətnlərindən göründüyü kimi, bu dinin banisi Zərdüşt (AvestadaZaratuştra) olmuşdu. Zərdüştün yaşadığı dövr və dini təlimə başladığı yer mübahisəlidir. Zərdüştün e.ə. VII əsrdə yaşaması ehtimalına üstünlük verilir. Belə hesab edirlər ki, Zərdüşt dini Orta Asiyada, yaxud Şərqi İranda meydana gəlmiş və İranın digər yerlərinə yayılmışdı. Lakin bu müddəa daha çox ümumi mülahizələrdən ibarətdir. İran ərazisində qədim dövrlərdən Anuramazdaya sitayiş əks olunmuşdu. Fərz edirlər ki, Astiaqın dövründə zərdüştlük Midiyada rəsmi dinə çevrilmişdi. Zərdüşt tarixi şəxsiyyət hesab edilir. İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su ilahəsi Anahit daxil idilər. Bu allahlara irandilli tayfalar sitayiş edirdilər. Avestada və Haxamanişlər dövründə Ahuramazda (Hörmüzd) qabaqcıl mövqeyə malik idi və baş allah hesab edilirdi. Avestada kainatın və həyatın yaradılması Ahuramazdanın əməli kimi qiymətləndirilir. Haxamaniş kitabələrində isə deyilir: "Böyük allah Ahuramazda bu torpağı yaratdı, bu səmanı yaratdı, insanı yaratdı". Ahuramazda müqəddəs ruhu (Spanta-manyu), Anqro-manyu (Anqro-maynyu) isə şər ruhu təmsil edirdilər. Bunlar əkiz qardaş hesab olunurdular. Anqro-manyu (sonrakı Əhriman, Əhliman) div (dev) adlanan şər allahlarına başçılıq edirdi. Həqiqətin və xeyrin təcəssümü olan Ahuramazda ilə şər qüvvələri təmsil edən Anqro-manyu arasında əbədi mübarizə gedirdi. Onlar hər ikisi zaman allahı Zrvananın övladları idilər. İnsanlar Anqro-manyu və onun köməkçiləri olan divlərə qarşı mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə, şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedirdi. Zərdüştlük dininin ehkamları Avestanın müxtəlif bölmələrində əks olunmuşdur. Avestanın ən qədim hissəsini qatlar təşkil edir. Qatlar Avestanın Yasna bölməsində təmsil olunmuşlar. Qatlar Zərdüştün təlimindən ibarətdir. Ehtimala görə, qatlar ilk əvvəl şifahi şəkildə ifa olunurdular. Onların yazıya alınmasını Haxamanişlərdən sonrakı dövrə aid edirlər. Zərdüştün təlimində təkallahlıq tərənnüm edilir. O, Ahuramazdanı yeganə ali allah kimi təbliğ edirdi. Zərdüştün təsvirinə görə, xeyir və şər dünyanın əvvəlindən mövcud olmuş və onların arasında mübarizə gedir. İnsanlar həyatda xeyri, yaxud şəri seçməkdə sərbəstdirlər, lakin son məqamda xeyir və həqiqət üçün imkan tapır. Avestada əks olunmuş dialekt leksikasına və ümumi mülahizələrə əsaslanaraq Zərdüştün vətənini Orta Asiyada, yaxud Əfqanıstanda yerləşdirirlər. Bu mülahizə özü mübahisəli qalmaqdadır. Sonrakı İran ənənəsi Rey şəhərini, yaxud Azərbaycanı Zərdüştün vətəni hesab etmişdilər. Qatların dili asanlıqla anlaşılmır. Onun bir çox parçaları müxtəlif cürə başa düşülür, çətinliklə izah olunur. Yasna maldarlıq təsərrüfat sahəsini təbliğ edir. Zərdüşt "peyğəmbər" kimi çıxış edir, Ahuramazdanı mal-qaranın yaradıcısı kimi qələmə verir. Qatda yazılır: "Biz Ahuramazdanı tərifləyirik, çünki o, mal-qaranı və Artanı, suyu və bitkiləri, işıq və torpağı, bütün nemətləri yaratdı... Mal-qaraya dinc otlaq və yem verməyə çağırırıq". Zərdüştün təliminə görə, mal-qaranın canıyanan sahibi olmalıdır, buna görə Ahuramazda çoban yaratdı. Lakin divlərə (qədim farsca "dayva") sitayiş edənlər çobana zorakılıq edirlər, evləri, kəndləri, vilayətləri və ölkələri talayırlar. Onlara qarşı silahla vuruşmaq, mal-qaranı zorakılıq və qəddarlıqdan qorumaq lazımdır. Yalançılar ölkədə mal-qaranın çoxalmasını istəmirlər. Hakimiyyəti onların əlindən almaq lazımdır. Qatlar əhalinin maldarlıqla məşğul olduğu dövrü əks etmişlər. Ara müharibələrim nəticəsində əhalinin mal-qarası, davarı, əmlakı talan edilirdi. Burada müharibə törədənlər yalançı, div, Anqromanyunun tərəfdarları kimi şər qüvvələrə şamil edilmişdir. Qatlar, şübhəsiz, sinfi cəmiyyət və müharibələr şəraitini əks etmişlər. Məlum olduğu kimi, İran ərazisi tez-tez İkiçayarası hökmdarlarının basqınlarına məruz qalırdı, ölkə talanırdı, mal-qara aparılırdı. Ölkədə yaranan narazılıq və ehtiyac yeni təlimlərin meydana gəlməsinə şərait yaradırdı, çoxallahlılıqdan tək allaha ibadət bərqərar olurdu. Zərdüşt təliminin İran ərazisində, xüsusilə maldarlıqla məşğul olan dağ əhalisi arasında meydana gəlməsi üçün tarixi şərait mövcud idi. Ola bilsin ki, Zərdüşt təlimi buradan şərqə doğru yayılmışdı. Bu təlimin mahiyyətini xeyir və şərin mübarizəsi təşkil edir: guya varlığın əvvəlində xeyirxah və bədxah ruhlar öz əməllərinə, ,  digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə təlim, nə arzu, nə əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi". Təlimə görə, son məqamda yalançılar, şər qüvvələr zülmət padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı padşahlığa düşəcəkdilər. Qatlarda sinfi cəmiyyətdə mülki bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və fəlsəfi mühakimələrlə öz əksini tapmışdır. Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O, özünü Ahuramazdanın pərəstişkarı elan edir, bu məsləkə sahib olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını və aparılmasını pisləyir. Yasnada deyilir: "Mən bu torpaqda mal-qara saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin edirəm... Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, ziyankar, yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən və onların tərəfdarlarından, cadugərlərdən və onların tərəfdarlarından, canlı məxluqa zorakılıq işlədənlərdən imtina edirəm". Nəhayət, Zərdüşt öz təliminə uyğun olaraq yeni əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa, silahı yerə qoymağa, özününkülər ilə nikah bağlamağa çağırır". Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə meydana gəlmiş və formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü saxlayan etnoslara qarşı yönəldilmişdi, onlar dinsiz qələmə verilirdi, bütün bəd əməllər onların adına çıxılırdı. Zərdüştün təlimini qəbul etməyənlər, yalançı və şər qüvvə tərəfdarı elan edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işıqlı həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina edərək yeni siyasi şəraitə uyğun olaraq Ahuramazdaya inamı və ibadəti seçmişdi. Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı ilahələrə həsr olunmuş himn və mahnılar toplanmışdı. Biri Mitra allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər. Lakin yaştlar Mitranın yaradılmasını Ahuramazdanın əməli kimi qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi adlandırılır.Mitra insanları qələbəyə aparan, onları dinc və yaxşı həyatla təmin edən qüvvə kimi təsvir edilir. Ahuramazda peyğəmbər Zərdüştə Mitraya sitayiş etməyi tövsiyə edir: "Ey Spitama, Mitraya ibadət eylə. Şagirdlərinə (onun barəsində) danış. (Ey Mitra) sənə Mazda tərəfdarları xırda və iri heyvanları, qanad vuran lələkli quşları ilə birlikdə ehtiram göstərəcəklər". Yaştlar eyni zamanda, Qayamarta (Qaya-Martan) sitayiş etməyi tövsiyə edir. Qayamart Ahuramazdanın yaratdığı ilk insan olmuşdur. Qaynaq qeyd edir ki, Qayamart "Ahuramazdanın fikrini və təlimini birinci eşitmişdi". Qayamart Əhriman (Anqru-manyu) ilə döyüşdə yaralanır, can verəndə "toxumu" tökülür, torpağa çökür. Qırx ildən sonra torpaqdan Martiya və Martyanaq göyərmiş və insan görkəmi almışlar. Onlardan da Ahuramazda, guya ari torpaqlarını və etnoslarını törətmişdi. Yaştlarda Zərdüştün şərəfinə mədh söylənilmişdi. Zərdüşt ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, divlərdən (köhnə dinlərdən) birinci üz döndərən, Ahuramazdaya birinci sitayiş edən kimi qələmə verilmişdir. Zərdüşt köhnə dinlər mövcud olan şəraitdə yeni dinin yaradıcısı kimi çıxış edir. İlk zamanlar onun təliminin əsasını maldarlığı inkişaf etdirmək və bununla əlaqədar şər qüvvələrə qarşı mübarizə aparmaq müddəası təşkil edirdi. Avestanın üçüncü bölməsi Videvdat (Vendidad) adlanır. Bu hissə nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. Burada zərdüştlük dininin ehkamları, ayin və mərasimləri əks olunmuşdur. Eyni zamanda, bu hissədə qədim əsatirlər, rəvayətlər, hüquq qaydaları özünə yer tapmışdır. Zərdüşt dindarlarının gündəlik mərasimlərdə istifadəsi üçün "Xırda Avesta" tərtib edilmişdi. Qeyd etmək lazımdır ki, Videvdat artıq oturaq həyatı, əkinçilik təsərrüfat sahəsini, bolluq yaratmağı təbliğ edirdi. Mətn Zərdüştün suallarına Ahuramazdanın cavabı şəklində tərtib olunmuşdur. Sualların birinə ki, harada yaxşıdır, Ahuramazda cavab verir: "Həqiqətən orada ki, ey Spitama Zaratuştra, nə zaman ki, dindar ər əlində odun, ağac budaqları, süd, həvəng, dinə inam barədə müqəddəs söz deyə-deyə, geniş otlaqlı Mitraya və xoş otarma bəxş edən Ramana müraciət edə-edə hərəkət edir... Orada yaxşıdır ki, mömin ər ev tikmişdir, onu odla, südlə, arvad-uşaqla, (ev heyvanları) sürüsü ilə təmin etmişdir. Orada yaxşıdır ki, nə zaman ki, xeyli əkirlər, taxıl, ot, barlı bitkilər becərirlər, susuz yerə su çəkirlər, bataqlığı qurudurlar... çoxlu buynuzlu xırda və iri heyvan saxlayırlar... xırda və iri buynuzlu heyvanlar çoxlu peyin verirlər". Zərdüşt təlimi dinə sitayiş etməyə, əkinçiliklə məşğul olmağa, ailə qurmağa, bir sözlə, zəhmət çəkməyə dəvət edir, torpağa qulluq eləməyə çağırır. Qaynaq yazır: "Uzun müddət əkilməyən və əkinçidən becərilməni gözləyən, bunun üçün kəndlidən yaxşılıq arzulayan torpaq qane deyildir, necə ki, uzun müddət övladsız qalmış qəddi-qamətli cavan qadın bunun üçün ərindən yaxşılıq arzulayır... Kim bu torpağı becərmirsə, o, yaşamaq üçün çarə axtaranlar arasında başqasının qapısına söykənir, lakin ağız suyu axıdan (yəni dadlı) hər bir xörəyi onun yanından aparıb, onsuz da hər şeyi kifayət qədər olana verəcəklər... Kim əkir, taxıl becərirsə, o, həqiqət əkir (yaradır), Mazda inamını aşılayır, Mazda inamına çörək verir... Qoy evdə həmişə un xörəyi olsun ki, divləri lərzəyə salsın". Sonra Zərdüşt hansı ölkələrin yaşayış üçün yaxşı olduğunu Ahuramazdadan soruşur. Ahuramazda belə ölkələr cərgəsində Ariyanam vayca (Orta Asiyada), Qava-soqdalar diyarı, Margiana, Baktriya, Nisaya (Baktriya və Margiana arasında), Areya, Araxoziya, Raqa, Varna, Yeddi hind vilayəti, Ranhi ölkəsi və başqalarının adını çəkmişdir. Bu siyahıda əsasən irandilli tayfaların, qismən də türk etnoslarının yayıldığı, yaxud məskunlaşdığı ərazilər və ölkələr təmsil olunmuşdur. Midiya (Raqa şəhərindən başqa), Azərbaycan burada öz əksini tapmamışdır. Deməli, bu zaman Zərdüşt təlimi nə Midiyada, nə də Azərbaycanda geniş yayılmamışdı. Lakin İranın başqa ölkələrində olduğu kimi, burada da, dini ayin və mərasimləri kahinlər yerinə yetirirdilər. Haxamanişlərin hakimiyyəti illərində kahinlər maq adını daşıyırdılar. Çox güman ki, maqlar dini mərasimləri keçirən, ayinləri qoruyan kahinlər idilər. Qaynaqların məlumatına görə, Midiya tayfalarının birini maqlar təşkil edirdi. Lakin maqlar din xadimləri kimi müəyyən ictimai təbəqəyə daxil idilər. İlk maqlar nə Midiyada, nə də İranın cənubunda zərdüştlük dininə xidmət etmirdilər. Ehtimal edirlər ki, məhz e.ə. VI əsrin sonunda maqlar zərdüştlük dininə də xidmət etməyə başladılar. Avestada Zərdüşt kahinləri atravan adlanırdılar. Atravan "od saxlayan" mənasını daşıyır. Lakin erkən zərdüştlük oda sitayişi əsas müddəa kimi qəbul etməmişdi. Güman etmək olar ki, zərdüştlüyə qədərki kahinlər oda sitayiş edirmişlər, yəni atəşpərəst idilər. Kahinlər atəşpərəstlik ehkamını zərdüştlüyə təxminən e.ə. V-IV əsrlərdə gətirmişdilər. Atəşpərəstlik, qədim dini ayin kimi, İranda təmsil olunmuşdu. E.ə. VIII əsr mixi yazılarında od ilə əlaqədar toponimlər adı çəkilmişdir. Persepol elam mətnlərində "od saxlayan" kahinlər yad edilirdi. İlk atəşpərəstlər müxtəlif etnik mənsubiyyətə malik imişlər. Bəzi tədqiqatçılar Midiya maqlarını İran mənşəli yox, turan (türk) tayfalarına mənsub edirdilər. Zərdüştlüyün yayılması ilə əlaqədar onun təlimini qəbul etmiş maqlar İran dillərini də bilməli idilər, çünki Avesta dili İran dilləri qrupuna aid idi. Maqlar Haxamaniş şahlarının rəsmi kahinləri imişlər. Buna baxmayaraq belə hesab edirlər ki, Haxamanişlər zərdüştlüyü qəbul etməmişdilər. Başqa bir mülahizəyə görə, onlar Zərdüşt dininə sitayiş edirdilər, çünki I Daradan başlayaraq Haxamanişlər Ahuramazdanı yeganə böyük allah hesab edirdilər. Güman edirlər ki, əhali arasında zərdüştlük kök salmamışdı. Herodotun məlumatına görə, farslar məbəd tikməzmişlər, ibadəti açıq havada keçirərmişlər. Haxamanişlər, o cümlədən farslar ölünü dəfn edirdilər, lakin maqlar meyiti basdırmırdılar. Onun qurd-quşa yem kimi qoyurdular, sonra sümükləri torpağa quylayırdılar. Bu ayin zərdüştlüyün ilk mərhələsinə xas deyildi. Farslar köhnə allahlara da sitayiş edirdilər. Erkən zərdüştlük dini ayinləri məbəddə yox, açıq səma altında keçirilirdi. Lakin yerli İran əhalisi arasında məbədlərdə oda sitayiş etmək dini ayini mövcud idi. Yəqin ki, yerli dinlərin Zərdüşt dini ayinlərinə və mərasimlərinə təsiri olmuşdu. Maqların oda sitayiş etməsi və sönməz odu məbədlərdə qoruması ayini qədim olmuş, sonralar məbədlərdə oda ibadət zərdüştlüyə də keçmişdir. Ehtimala görə, I Daranın hakimiyyətindən başlayaraq Haxamanişlər erkən zərdüştlüyüqəbul etmişdilər, çünki e.ə. Vl-V əsrlərdə zərdüştlük ehkamları hələ tam formalaşmamışdı. Maddi istehsal və ixtisaslaşdırma ticarətin genişlənməsinə şərait yaradırdı. Hər vilayət özünəməxsus məhsul ilə tanınırdı. Maqadha metal və düyü ilə məşhur idi. Ölkənin şimal-qərb hissəsi at və arpa, cənubu qiymətli daş, mirvari və şirniyyat ilə, qərbi pambıq və pambıq parçalar ilə fərqlənirdi. Dövlət ticarət işindən böyük gəlir götürürdü. Buna görə dövlət yolların çəkilməsi, bazarda qayda-qanun yaradılması, çəki daşlarının dəqiqləşdirilməsi və ticarət müqavilələrinin bağlanmasına qayğı göstərirdi. Ticarətin inkişafı pul dövriyyəsini genişləndirdi. Ən geniş yayılmış pul vahidi pana idi. Ölkənin şimalqərbində Haxamaniş və yunan pul vahidləri də işlədilirdi. Sələmçilik ölkədə vüsət almışdı. Borcun illik faizi müxtəlif idi. Borc faizi 15-60 %-ə çatırdı. Sənətkarlıq kənd və şəhərlərdə təmsil olunmuşdu. Əsl sənətkarlıq mərkəzləri şəhərlərdə cəmləşmişdi. Burada qara və əlvan metallurgiya inkişaf tapmışdı. Şəhərlərdə dəmirçilik, silah hazırlama, zərgərlik işi, ağac, daş və sümükişləmə, dulusçuluq sənətkarlığı, ətriyyat hazırlama və s. peşə sahələri geniş yayılmışdı. Müxtəlif peşə sahələrinin ittifaqı (şreni) yaranmışdı. Hökmdara, ayrı-ayrı varlılara məxsus sənətkarlıq emalatxanaları vardı. Qədim İran mədəniyyəti qonşu xalqların mədəniyyətində, bütövlükdə bəşər mədəniyyətinin inkişafında əvəzolunmaz iz buraxmış, onun inkişafına güclü təsir göstərmişdir. 

Hiç yorum yok:

Yorum Gönder