Wikipedia

Arama sonuçları

3 Temmuz 2016 Pazar

            QEDİM  DUNYA MEDENİYYETİ

Müasir dövrdə qədim dünya mədəniyyətinin kulturoloji konteksdə öyrənilməsi, tədqiqi və tətbiqi mövcud sivilizasiyalar və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan qədim dünya mədəniyyətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi məhz dövrün zəruri tələbi kimi əsas prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmişdir. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir sahədir. Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və bununla da əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir. Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir.
 Kulturologiya bir  elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Uayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, mədəniyyətləri və sivilizasiyaları dərindən və hərtərəfli şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir. Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyllərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu tendensiyalardan baş çıxara bilən kulturoloq kadrların hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb edir. Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər “mədəniyyətşünaslıq” və ya “kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına şərait yaradır. İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq mədəniyyət və kulturologiya anlayışlarına müxtəlif mövqelərdən  XX əsrin əvvəllərində yaşamış türk alimi Ziya Göyalpa görə “kültürlə mədəniyyət” bir-biri ilə fərqlənən anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür... Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual olan elmlərdən ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı, fəaliyyəti və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsini tələb edir. Bu həm də insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən edilməsinə, bir mədəniyyətin digərindən fərqlənməsinə kömək edir. Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca zəruri bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət siyasətinin əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün prioritet olan kulturologiya sahəsi bu gün bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi və gələcək nəsillərə layiqli səviyyədə çatdırdığı mənəvi sərvətlər toplusudur ki, bu toplunu qorumağa isə biz hamımız borcluyuq. 

Hiç yorum yok:

Yorum Gönder