Wikipedia

Arama sonuçları

3 Temmuz 2016 Pazar

QƏDİM MİSİR MƏDƏNİYYƏTİ
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və
deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su
basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili
örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox
məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq”
adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər,
bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər
yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük
səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə
başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları
qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul
olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi.
Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə
etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar.
Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar
mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul
olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir
e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.
Qədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti
meydana gəldi. Tayfa başçıları, adlı-sanlı əyanlar qəbilə
üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə
əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Misir dövlətlərinin
padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular
fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, yaxud
yaxın qohumu firon olurdu. Onlar işğalçılıq müharibələri aparır,
cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil
edirdilər.
Misir fironları özləri üçün ehramlar (piramidalar)
tikdirmişlər. Ehramların inşası “tarixin atası” Herodotun “Tarix”
əsərində geniş təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin
ehramlarda dəfn edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan
ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən axirət
dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların əzəmətini

nümayiş etdirməli idi. Qədim Misirdə fironun sərdabəsinə o
dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları
qoyurdular. Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis
yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir.
Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı
aslan bədənli nəhəng heykəl - sfinks yonulmuşdur. Bu nəhəng
heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası”
adlandırılmışdır. Bəlkə də, sfinks ehramların qoruyucusu məqsədi
ilə qoyulmuşdur.
Misirdə işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750
heroqlif var idi. Yazı üçün papirusdan istifadə edilirdi. Qədim
Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur.
Misirlilər bənd, binalar tikmək üçün hesablamalar aparırdılar.
Hesab və həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı həmişə
ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər
ulduzları müşahidə etmələri nəticəsində astronomiya elmini
yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə
əsasən təqvim tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var
idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə işlərini
bacarırdılar.
Misirdə dövlət idarələrində və məbədlərdə məktəblər
açılırdı. Bu məktəblərdə oğlanlar oxuyurdular. Kiçik məktəblilər
qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində
yazırdılar. Məktəblərdə varlıların balaları oxuyurdu.
Qədim Misirdə musiqi və rəqs sənəti yüksək inkişaf etmişdi.
Nəfəs, zərb və simli musiqi alətləri mövcud idi. Rəqqasələr bəzən
döyüş səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə
dini mərasimləri səhnələşdirirdilər.
Qədim Misirdə allahları heyvan başlı insan şəklində təsvir
edirdilər. Bu da ovçuluqla bağlı idi. Misirlilərin etiqadına görə,
ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar.
Elə buna görə də misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə
görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. Osiris
dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu
mühakimə edir. Məbədlərə kahinlər rəhbərlik edirdilər. Məbəd
allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki
mebədin 80 min qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş
allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar zümrəsinə
dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə
durum firon təkhakimiyyətliliyi ilə ziddiyyət yaradırdı. Məsələn,
IV Amenxotepin (1372-1354) dövründə kəskin qarşıdurma baş
verir. Ehnaton adını qəbul etmiş IV Amenxotep dini islahat
keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul etdirir. Lakin
Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.
IV Amenxotepin arvadı Nefertiti minilliklər ərzində gözəllik
təcəssümü sayılıb. Misir Yaxın Şərqin zəngin dövlətlərindən
birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını
artırmışdı. Misirin təsərrüfatında yüksəliş gözə çarpırdı.
Müharibələrdən əsir gətirilmiş əhali təsərrüfatda qul kimi
işlədilirdi. Təcavüzkar xarici siyasətdən imtina etmiş III
Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun
fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb
sahilində Amon allahın şərəfinə inşaat işləri aparmış və onun
adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən
olan Fiv yerləşirdi. Bu şəhər Yeni səltənət dövründə ölkənin
paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv
şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində
Amonun şərəfinə tikinti işləri görmüşdü. O, Amon məbədinin
giriş hissəsinin hər iki tərəfindən kəsik ehram şəklində darvaza
ucaltdırmışdı. Özünəməxsus xeyrat məbədlərdən birini Amona
həsr etmişdi. Amon məbədi önündəki darvaza qızılla işlənmişdi.
Luksor məbədlərinin divarlarına qızıl təbəqəsi, döşəməyə isə
gümüş vurulmuşdu. Məbədlərə gedən yollar lövhə ilə döşənmişdi.
Amon məbədinə gedən yolun kənarında qoyun heykəlləri
düzülmüşdü. Qoyun Amon məbədinin müqəddəs heyvanı hesab
edilirdi. Hökmdarın xeyrat məbədi yolu kənarına itəbənzər
heykəllər qoyulmuşdu. Məbədlərdə fironun əzəmətli və hündür
heykəlləri də ucaldılırdı.
III Amenxotepin vəfatından sonra oğlu IV Amenxotep (e.ə.
1365-1348-cü illər) hakimiyyətə gəldi. O, Misirin Asiya
vilayətlərindəki siyasi vəziyyətə məhəl qoymadı, öz fəaliyyətini
büsbütün daxili ixtilafların aradan qaldırılmasına həsr etdi. Köhnə

hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında
kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri
kahinlər ətrafında cəmləşmişdi. Əvvəlki illərin uzun sürən
müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və
onlara qulluq edən kahinləri varlandırmışdı. Misirin baş və ən
nüfuzlu allahlarına həsr olunmuş məbədlərinin xeyli mal-qarası
var idi. Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv
şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş yayılmışdı.
Ona bol qurbanlar kəsilir və nəzirlər verilirdi. Adətən quş və
heyvan, taxıl və meyvə, içki (şərab və pivə), ətriyyat və sair nəzir
kimi məbədə gətirilirdi. Məbəddə ərzaq qıtlığı olmurdu, əksinə,
həmişə bolluq olur, kahinlər və məbəd xidmətçiləri, habelə
məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi.
Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin
nümayəndələri cəmləşmişdi. Onların içərisində yoxsulluqdan
çıxmış və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial
təbəqə nemxu - "yetim, kasıb, yetim-yesir" adlanırdı. Yeni
əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi
mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı
təbəqədən çıxdığını bildirirdi.
XVIII sülalənin son dövrlərində "yetim-yesir" (nemxu)
təbəqəsinə mənsub olan, lakin artıq varlanmış adamlar Misirin
inzibati və təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq
edirdilər. Belə varlı və vəzifəli "yetim-yesirlər" yazılarında firon
IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə
qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı və idarələrdə
çalışan "yetim-yesirlər" fironun dayağına çevrilmişdilər. Fironun
əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar
təbəqəsinə etimad göstərirdi. Yazılarında fironu onları yaradan
kimi qələmə verirdilər.
Amon ümum Misir allahı hesab olunurdu. Ona həsr
olunmuş məbədlər hər yerdə inşa edilmişdi. Amon məbədlərinin
xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici
siyasətinə istiqamət verən əsas qüvvəyə çevrilmişdi. III
Amenxotepin dövründə bu allah Amon-Ra, yəni "Amon-günəş"
adlandırılırdı. Günəş allahına (Raya) Misirin müxtəlif şəhərlərində

sitayiş edirdilər. Fironlar özlərini "Günəşin (Ranın) oğlu"
adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu
Misir dini ənənəsini dəyişdirmədi. Günəşə sitayiş tədricən fironun
başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə
dairəsi olan şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep
dini islahat həyata keçirtdi. O, "görünən Günəşə" (Aton) sitayişi
bərqərar etdi. Günəş şüalı şəkildə təsvir olunurdu, günəş
dairəsindən şüalar insan əli şəklində uzanırdı. IV Amenxotepin
şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə
bizə gəlib çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun
ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi nəticələri
tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına
ibadət yanaşı aparılırdı. Lakin Aton məbədində taxıl adi ölçülərlə
yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim Şərq ölkələrində
olduğu kimi, Misirdə də müxtəlif həcmli çəki ölçüsü (əndazə)
mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. Məbəddə
qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal
və ərzaq anbarları vardı. "Günəş evi" adlanan Aton məbədi
zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı.
Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili
(təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon
məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin
orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt
saldırdı. Adını yeni ibadətin şərəfinə Axetaton, yəni "Günəş
üfüqü" qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim
dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər ətrafı əhalisi,
torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan
edildi. Eyni zamanda, firon Amenxotep (yəni "Amon
məmnundur") adını dəyişdirib Exnaton ("Günəşə sərfəli") qoydu.
Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə
üzvləri, onu əhatə edən əyanlar buna uyğun olaraq adlarını
dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı.
Exnatonun dini islahatı təkallahlığa doğru atılmış ilk addım idi.
Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlıbağatlı
böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd
tikilmişdi. Firon sarayları öz əzəməti ilə fərqlənirdi. Ən böyük

saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş,
qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi.
Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev
tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını
müxtəlif rəsmlərlə bəzəyirdilər. Rəsmlərin əksəriyyəti Exnatona
həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə
yazılarında əyanların firona minnətdarlığı bildirilirdi. Ev və
sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən
Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk
edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və
öləndən sonra nemətlər diləyirdilər.
Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi
vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə
adamların güzəranından bir kəlmə də olsun bəhs etmir. Burada
ancaq Günəş allahının qüdrəti təsvir olunur: "Sən (yəni Aton)
səmanın üfüqündə qəşəng parıldayırsan, həyatın başlanğıcını
qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə çıxırsan və bütün
yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən,
nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin şüaların sənin
yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti
qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar
(insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini
yuyurlar və geyimlərini götürürlər. Onların əlləri sənin parıltını
vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir.
Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar.
Gəmilər şimala üzür, həm də cənuba və bütün yollar sən nur
saçanda açılır. Çayda balıqlar sənin görüşünə çıxırlar. Sənin
şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən
çıxanda o canlanır və göyərir sənə görə... Sən uzaq səmanı
yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan... Sən
mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun
Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin..."
Exnaton ancaq günəşin yer kürəsinə bəxş etdiyi işıq və şüanın
müsbət nəticələrinə dini don geyindirmiş və onun şərəfinə mədh
demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl
tuturdu, "yetim-yesir" təbəqəsindən əyanlığa qəbul edirdi, lakin
Yeni
dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin
vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü.
Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını ləğv etmək
məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin
köklərə malik idi. Amon məbədlərinin var-dövləti əsrlər boyu
yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən
möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə
də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun
varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra
Amon kahinlərinin və dindarlarının əl-qolu açıldı. Hadisələr
göstərdi ki, Aton ibadəti Misirdə dərin kök sala bilməmişdi.
Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi.
Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub
saxlaya bilmədilər. Hakimiyyətə gəlmiş firon Semnexkara
Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün
ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı
qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət
Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar.
Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə
başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən
dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə də ona sitayişi bərpa
etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş həyatına
yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş
üçün yaşayır") Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə
yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon
ideologiyasının təzyiqinə məruz qaldı. Bir müddət sonra o, adını
dəyişdirib Tutanxamon, yəni "Amon həyatına yaraşan" qoydu.
Arvadı isə Anexesenpaamon adını qəbul etdi. Eyni zamanda,
Axetaton əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı
Fiv ziyafətlərində iştirak edirdi.
Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı.
Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini
bərpa edə bilmişdi. Yəqin ki, hərbi əməliyyatlarda sərkərdə
Xoremxeb də iştirak edirdi. Amona ibadətin tam bərpa
edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox

Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu.
Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə
edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını qəti olaraq
bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən
on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə
yeraltı sərdabədə dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında
"hökmdarlar dərəsi"ndə tikilmişdi. Fiva kahinləri Tutanxamonun
bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun
lövhələrini, onun surətini əks etdirən qızıl dəbilqəsini, müxtəlif
heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun
sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon
sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini
tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və
Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə)
ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə
Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki,
Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara
bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi
tikilərkən, Tutanxamonun yeraltı sərdabəsinin girişi torpaq və
çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər.
Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir
qüdrətli dövlətə çevrildi. Tutanxamonun övladı olmadığından
hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir
mənbələri onun fəaliyyəti haqqında heç bir məlumat vermir. Lakin
Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma
müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: "Mənim
ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin həddi-buluğa çatmış
oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə
gedərəm, o da Misirin hökmdarı olar". Het hökmdarı III Murşil
tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium
belə qeyri-adi müraciətə təəccüb edir. Hadisənin düzgün olubolmamağını
yoxlamaq üçün o, Misirə elçi göndərir. Misir fironəsi
yenidən Het hökmdarına müraciət edib yazır: "Sən nə üçün
deyirsən ki, onlar məni aldatmaq istəyirlər. Əgər hökmranlıq
etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət
etməzdim, çünki bu mənim üçün və mənim ölkəm üçün

həqarətdir... Mənim ərim vəfat etmiş və mənim övladım yoxdur.
Məgər mən öz nökərimi götürüb özümə ər etməliyəm? Mən heç
bir ölkəyə müraciət etməmişəm, mən ancaq sizə yazmışam.
Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver;
o, mənim ərim və Misir torpağının fironu olar".
Tutanxamonun dul arvadının məqsədi tam aydın deyildi.
Lakin belə bir nəticə çıxartmaq olar ki, o, Het dövləti ilə
yaxınlaşmaqla Aralıq dənizi ərazisində Misirin təsirini bərpa
etmək və daxildə aparacağı siyasətdə müəyyən müxalifət
qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları,
xüsusilə hakimiyyətə göz dikən dövlət xadimləri və Amon
kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna
görə Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada
öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini Misir
sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə
evlənmək istəyirdi. Lakin Anxesenpaamon qohumu olan qoca
Eyeyə ərə getdi.
Eye hələ Exnatonun dövründə yüksək vəzifəli şəxs idi və
Aton məbədinin pərəstişkarlarından biri olmuşdu. O, Nefertitinin
dayəsi Teyeyə evlənmişdi. Eye "Allahın atası" rütbəsini daşıyırdı.
Bu zaman Exnaton ilahiləşdirilmişdi və ona "Allah" kimi sitayiş
edirdilər. Beləliklə, Eye rəsmən fironun "atası" elan edilmişdi.
Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi
yüksəlmişdi. Ola bilsin ki, Eye gənc Tutanxamonun qəyyumu
kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında
oldu.
Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334-
1306-ci illər) adı ilə bağlıdır. O, yerli hakimlərdən idi. Xoremxeb
ali kahin dairələri ilə möhkəm əlaqədə idi, müxtəlif inzibati və
hərbi vəzifələrdə olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi
idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət çevrilişi
etdi və hakimiyyəti əlinə keçirtdi. Öz hakimiyyətini
qanunlaşdırmaq üçün o, Exnatonun arvadı Nefertitinin bacısına
evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu,
allahın arzusunu yerinə yetirdiyini qeyd edir. O, III Tutmosu "öz
atalarının atası" adlandırırdı.

Hakimiyyətə gəldikdən sonra Xoremxeb Amon allahına
ibadəti tamamilə bərpa etdi. O, Aton ibadətini qəti ləğv etmək
üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli
saray və malikanələri, məbədləri dağıtdı. Xoremxeb "Axetatonlu
cinayətkar" adlandırdığı Exnatonun adını bütün abidələrdən
sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə
caladı. Tutanxamon və Eyenin də adları onun göstərişi ilə
abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi
elan etdi. Xoremxeb hakimiyyətdə olmuş fironların siyahısından
Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi.
Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri
ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim
Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk
qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş
güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsiplərisarsılmazlığı
və ağlasığmazlığı ilə seçilmişdir.
Qədim Misir mədəniyyətinin mühüm cizgilərı - misirlilərin
özlərinin «qeyri-normallıq» hesab etdikləri «ölümə qarşı etiraz»
olmuşdur. Ölməzliyə olan güclü meyl misirlilərin bütün
dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini fikrinə daxil
olmuş və qədim Misir mədəniyyətini formalaşdırmışdır. Heç bır
dünya sivilizasiyasında ölümə qarşı etiraz Misirdəki kimi bu qədər
konkret, parlaq, bitkin ifadəyə malik olmamışdır. Ölməzliyə cəhd
ölülər kultunun yaranmasına gətirib çıxarmışdır. Bu isə Misirin
həm dini, həm də mədəni həyatında mühüm rol oynamışdır. Bunu
Misirin iqtisadi, siyasi və hərbi həyatına aid etsək onda həmin
kultun necə əhəmiyyət daşıdığı bir daha məlum olur. Misirlilərin
ölümlə razılaşmamağı belə bir dini etiqadı yaratmışdır ki, ölüm
heç də son demək deyildir. Yerdə gözəl əbədi həyat uzana bilər.
Ölən adam özünün dirilməsini gözləməlidir. Bunun üçün ölənin
ölməz ruhlarından biri onun bədəni ilə təzədən birləşməli və həyat
yenidən başlamalıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin
qayğısına qalmalıdır. Bu qayğı üçün əsas vasitə mumiyalama idi.
Mumiya hazırlamaq sənəti Misirdə ən hörmətli sənət olmuşdur.
Bununla yanaşı ölənin bədəninin saxlanılması üçün xüsusi
məqbərələr yaradılırdı. Bu məqsədlə ehramlar tikilirdi.

Lakin ehramlar yalnız Misir hökmdarları - fironlar və
əyanlar üçün tikilirdi. Ancaq Misir kahinlərinin dini təliminə görə
təkcə hökmdarlar və əyanlar deyil, hər bir adam əbədi həyat
qüvvəsi olan «Ka»- ya malik idi. Bunun üçün dəfn adətinə ciddi
əməl olunmalı idi. Bütün bunlara baxmayaraq mərhumun
mumiyasının düzəldilməsi baha başa gəldiyinə görə kasıb
adamların cəsədləri sadəcə olaraq həsirə bükülür, qəbiristanlığın
kənarındakı yarğanlarda basdırılırdı. Ehramlar qədim Misirdə
adamların bərabərsizliyinin əyani sübutu kimi zəmanəmizə qədər
gəlib çatmışdır.
E.ə. III-II minilliklərdə ehramlar və allahlar üçün məbədlər
tikilməyə başlanmışdır. Ehram tikintiləri xalqa çox ağır başa
gəlirdi. Ən qədim Misir ehramı firon Coserin şərəfinə tikilmişdir.
Bu tikili 5 min il bundan əvvəl tikilmişdir. Lakin ən məşhur və
nəhəng ehram Xeopsun şərəfinə ucaldılan ehramdır, 20 ilə 100
minlərlə adamın əməyi ilə tikilmiş ehramın hündürlüyü 147 metr
(hazırda 137 metr), meydanı 55000 m2-dir. Ehram tikintisində
işlədilən daşların hər birinin çəkisi 2-3 tondur. Alimlərin
hesablamasına görə bu tikilidə 2.300000 ədəd həmin çəkidə
daşlardan istifadə olunmuşdur. Sonralar, yəni 2 min il bundan
əvvəl ehramları daşdan yox, kərpicdən tikməyə başladılar. Bu isə
nisbətən ucuz başa gəlirdi.
E.ə. I minilliyin əvvəlində ehram tikintisi dayandırılmışdır.
Fironların qəbri gözdən-könüldən uzaq yerlərdə gizlədilirdi. Lakin
ehram kimi bu gizli yerləri də çapıb talayırdılar. Fironların
qəbirləri Qədim Misir tarixinin bütün dövrlərində talanmışdır.
Qədim misirlilərin öz hökmdarlarını ilahiləşdirib ondan
qorxmalarına baxmayaraq qəbirlərin talan edilməsi zaman-zaman
davam etdirilmişdir.
Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir
öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə
Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarəşəkillər-
heroqliflər yarandı. Papiruslarda yazılar yazılırdı. O
vaxtdan bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut
edirdi:
Müdrik mirzələr

Özlərinə ehram tikmirdilər.
Tunc baş daşı da qoymurdular,
Onların ehramı kitablar idi
Onların övladı qamış qələm idi.
Buna görə də kitabda yazılan
Haqqında xatirə əbədidir.
Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də
inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Misirlilər allahları adətən insan, lakin heyvan başlı insan şəklində
təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq
dövrlərindən qalması şübhəsizdir. Qədim misirlilərdə axirət
dünyasına inam mühüm yer tutduğundan meyitləri mumiyalamaq
geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində hər şey
boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin
ruhunu Oziris mühakimə edir. O, allahın iradəsi əleyhinə
gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Elələrinin ruhunu
müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar
ilahiləşdirilirdi. Ona görə də qədim dini kitabədə yazılırdı:
«Allahlar itaət edənləri sevir, itaət etməyənlərə isə nifrət edir». Bu
ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri
pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə,
öləndən sonra isə Oziris mühakiməsi ilə hədələnirdi.
Qədim insanlara elə gəlirdi ki, fironların ixtiyarında olan
qeyri-məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən
etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük
allah» adlandırırdılar. Misirdə allahlara dualarla müraciət edir,
onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab
olunurdu. Orada allahların bütləri qoyulurdu. Məbədlərdə
«allahların xidmətçiləri» - kahinlər olurdular. Hesab edilirdi ki,
kahinlər allahları yedizdirirdilər-onlar bütlərin qabağına yemək
qoyurdular. Qırğı baş olan Günəş allahı Ra, allahların padşahı hər
gün qızıl qayıqda göydə gəzir və qərbdə yerə enir. Uzaq cənubda
Nil allahı ilanların qoruduğu mağarada küpələrdən su tökür. Nə
qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə
vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca
təhlükəli idi.

Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir
ki, qədim bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən
xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer
tutur.
Məsələn, Nil çayını tərənnüm edən himndən bir parça
verməklə görərik ki, misirlilər Nili canlı varlıq və allah hesab
edirdilər:
Misir torpağına həyat gətirən
Nil çayı daim yaşa, var ol sən,
Sən bir az geciksən tükənər həyat,
Əgər qəzəblənib çıxsan özündən.
Şən yaxşı gələndə şənlənir həyat
Ölkə fərəhlənər, ölkə şad olar.
Alqış deyər gənclər, körpələr sənə,
Düşürlər sənin şad qədəmlərinə.
Misirlilərin etiqadına görə, ruh heykəldə yaşaya bilərdi.
Öləni əzəmətli pozada təsvir edirdilər. O, həyatda kimi idisə,
ölümündən sonra da həmin adam, yəni firon və ya əyan olaraq
qalmalı idi.
Misirin tarixi, mədəniyyəti, incəsənəti, özünü bu və ya digər
şəkildə Misir mifologiyasında göstərmişdir. Günəş allahı eləcə də
insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki,
Nilin yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nə isə
fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də
qadın allahları Tefnut, Nut və Okonu Ranın daxil olduğu allahlar
şurasını çağırdı. Bu şura insanlardan gizlin olaraq çağırılmışdı.
Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında
bəşəriyyəti məhv etməyə göndərdi. İlahə işinin bir hissəsini
sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra
peşman olaraq hələ məhv edilməyən insanların günahından
keçməyə qərar verdi. Onun əmri ilə gecə sahələrə qırmızı pivə
tökdülər. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü
və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi.
Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə
yaranmışdır.
Misirdə günəş allahı kultu Şumer və Akkad mərasimlərinə

nisbətən daha mühüm rol oynamışdır. Şamaş ədalət qoruyucusu
olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o
yaranma mifi ilə əlaqədar göstərilməmişdir. Misirdə isə Ra
ənənəyə əsasən Misirin birinci padşahı olmuş Atum kimi
dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun
əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə
həmin şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi
baş vermişdir.
Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu
olması mərasimi keçirilirdi. Firon Xafranın heykəlində onun
başının qoruyucusu Qor, şahin Qor və Ranın eyniliyini və padşah
hakimiyyətinin Ra ilə əlaqəsini göstərir. Oziris-Qor mifologiyası
Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması
qaydasını müəyyən edirdi. III Tutmosun ölümü və II
Amenxotepin taxta gətirilməsi belə təsvir olunurdu:
Padşah Tutmos səmaya yollandı,
O günəş diski ilə birləşdi.
Allahın bədəni onun yaratdığı ilə birləşdi.
Ertəsi gün
Günəş şəfəq saçdı,
Səma işıqlandı.
Amenxotep atasının taxtına əyləşdirildi. Ölən padşah
Ozirisə çevrildi və sonra gətirilən mətndə o, həm də Ra ilə
birləşdi. Məlum olur ki, Ra və Oziris haqqında miflər tamamilə
bir-birinin içərisində əriyərək birləşir. Doğrudur, Qədim Misirdə
«Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Oziris
haqqında mifdən köklü surətdə fərqlənir. Lakin Günəş allahı Ra
yerdə insanlarla birlikdə olmaqdan yoruldu. Qədim allahlardan
biri Nunu (onun adının mənası «ilkin okean» deməkdir) Raya
məsləhət görür ki, Nut adlı inəyin çiynində otursun. Sübh
açılarkən adamlar bir-birinə ox atmağa başlayan anda çiynində
Ranın oturduğu inək Nut yüksəkliyə qalxıb səma oldu. Ra razı
qaldı və arzu etdi ki, səmada yaşıllıq olsun. Yalnız bundan sonra
«Məmnunluq sahəsi» və «Qarğı (qamış) sahəsi» meydana gəldi,
səma gölü təsəvvürü yarandı. Sonralar həmin mifin kontekstində
əkinçilərin ideal-axirət dünyasında əkmək üçün torpağın olması

ifadə edilirdi. Lakin daha yüksəklikdə inəyin başı hərlənməyə
başladı və o titrədi. Bu zaman günəş allahı Ra dedi: «Əgər mən
Xex (milyon ilahə nəzərdə tutulurdu) olsaydım, inəyi səmada
saxlaya bilərdim». Bu sözlərlə o 8 Xex ilahəsini yaratdı və onlar
səma inəyinin ayaqlarını saxladılar. Nəhayət, Ra allah Şuya əmr
etdi ki, inəyi saxlamaq və 8 Xex ilahələrini qorumaq üçün aşağıda
yerləşsin.
Hekayə onu ancaq inək rəsmi önündə oxumağı məsləhət
verən göstərişlə başa çatır. Bunu isə yeni doğulmuş uşağını başı
üzərində tutmuş ata etməli idi.
Hekayətin birinci hissəsi qədim mifoloji baxışların əks
edilməsi ilə əlaqədar idi. Günəş allahı Ra allahların və insanların
padşahı rolunda ilkin allah Atumla eyniləşdirildiyindən öz
təbiətinə görə ulu qocadır. Məlum olduğu kimi, insanların Atuma
qarşı günah işlətməsi hələ e.ə. 2000-ci ildən xatırlanırdı.
Günəş allahının yaranması haqqında Misirdə bir sıra
əfsanələr mövcuddur. Onlar bəzən bir-birini tamamlayır, bəzən də
bir-birindən köklü surətdə fərqlənir. Onların bəzisinə görə,
günəşin, onunla birlikdə dünyanın yaradıcısı ana ilahədir. Ana
ilahə heç bir kişi olmadan günəş oğlunu doğmuşdur. İkinci
əfsanəyə görə isə allah-ata ilk iki allahı qadınsız yarada bilmişdir.
Əldə edilən materialların əksəriyyətində səma ilahəsindən
doğulduğu qeyd olunur. O, günəşi tək doğur, yəni burada nə kişi
allah, nə də heyvan iştirak etmir. O, bəzən qadın, bəzən inək
obrazında təzahür edir. Hər gün sübhdən işıqlı disk onun
bətnindən çıxır, axşamlar o günəşi təzədən udur ki, səhər onu
yenidən doğsun.
Bütün ibtidai cəmiyyətlərdə olduğu kimi Qədim Misirdə də
uşağın doğulması haqqında aydın təsəvvür yox idi. Yeni tarixə
qədərki Misirdə uşağın doğulması bu və ya digər predmetin
udulması ilə əlaqələndirilirdi. Misir folkloru belə baxışlar
haqqında geniş məlumat verir. Misirdə «uşağa qalmaq» «nə isə
udmaq» kimi başa düşülürdü. Bu barədə fikir Ehram mətnlərində
və dini mərasimlərdə uzun müddət yaşamışdır.
«Udmaq» mövzusu matriarxat xarakter daşıyırdı. Qədim
Misirdə ana-allahlar mühüm rol oynayırdı.

Əsrlər keçdikcə dünyanın yaranması və allahların yaranması
haqqında təsəvvürlər də zənginləşmişdir. Müxtəlif sahələrdə öz
funksiyalarını yerinə yetirən allahlar xarakterinə görə insanlara da
bənzəyirdilər.
Öz təbiətinə görə yumşaq olan Xatxor inək şəklində təzahür
edəndən sonra qaniçən Okoya çevrilir. Bəlkə də bunlar Xatxor
bayramında artıq içib sərxoş olmamaq üçün uydurulmuşdur.
Xatxonrun rolunu məhəbbət hamisi kimi təhlil etməyə meyl də
mövcud idi.
Mifin ikinci hissəsi Ranın bəşəriyyətdən yorulması motivi
ilə əlaqədardır. Ra inəyin çiynində oturduğu halda olsa da, özünün
iki qayığı ilə üzdüyü şəkildə təsvir olunmuşdur. Bu kosmoqonik
nəqletmə səmanın yaranmasını izah edir. Bundan əlavə səma
sahələrinin və inəyin ayaqlarmı tutan 8 ilahənin mövcudluğu söz
oyunu kimi də təsvir olunur. Misir mifologiyasında söz oyunu
geniş yer almışdı. Söz oyunu himnlərdə və mərasimlərdə
yaradılırdı. Hər şeydən əvvəl, səma inəyi və yaxud bəzi
mənbələrdə qeyd edildiyi kimi, inək-səma haqqındakı təsəvvürlər
tarixəqədərki dövrə gedib çıxır. Qədim mətnlərə əsasən inəyin
hüdudsuz okeandan qalxaraq səmaya çevrilməsi barədə
təsəvvürlər həmin mifə qədər mövcud olmuşdur. İkincisi, günəşin
il qayığının səmanı su kimi ifadə edən konsepsiyaya görə, səma
həm gecə, həm gündüz qayıqlarında üzməkdədir. Həmin səma
suları yer okeanlarına müvafiqdir. Təəccüblü deyildir ki, səma
inəyi də yer inəyinə oxşayır. Bu sular Nilə bənzəmir, çünki qədim
misirlilər bilirdilər ki, Nil cənubdan şimala axır. Günəş isə
Şərqdən Qərbə hərəkət edirdi. Üçüncüsü, öz qızı Nutu səmaya
qardaşı və əri Kebinyerin üzərinə qaldıran allah-kişi inəyin
qarnından tutmuşdur. Nutun onu qaldıran allahların qayıqlarını
apardığını, sonra onların duzlara çevrildiyi haqqında təsəvvürlər
hələ çox qədimlərdən məlum idi. Allahların, ulduzların və günəş
allahının qayıqlarda üzməsi haqqında təsəvvürlərin əsası var idi.
Qayıq Nil çayında təbii və rahat nəqliyyat növü idi. Geniş
yayılmış əks olunan səma haqqında dördüncü konsepsiya nisbətən
rasionalist xarakter daşıyır. Səma allahlar tərəfindən qorunan və
dörd dayaqla saxlanılan üst qatdır. İnəyin dörd ayağı burada

səmanın dörd dayağını əvəz edib. Dayaqları qoruyan 8 Xex ilahə
dünyanın dörd tərəfini təmsil edən allahlar cərgəsinə daxildir.
Dünyanın dörd tərəfinin göstəricisi olan say-rəqəm misirlilərdə
həmişə müqəddəs olmuşdur.
Misirlilərin səma haqqında dörd müxtəlif təsəvvürləri
olmuşdur. İnək, okean, qadın Nut və yerin üstü səma həmin dörd
rəqəminə daxildir.
Qədim Misir miflərində dünyanın və insanların yaradılması
əfsanələri mühüm yer tutur. İlk baxışda bu əfsanələr özlərinin
ziddiyyətli rəngarəngliyi ilə adamları çaş-baş sala bilər.
Allahların, insanların və kainatın yaradıcısı rolunda gah
heyvanlar, gah allahlar, gah da ilahələr çıxış edir. Bir əfsanəyə
görə Günəş səma inəyindən doğulur, digərinə görə bitkilərdən,
üçüncü qrupa görə isə qaz yumurtasından doğulur. Yaradılma
üsulu və yaradıcılar da müxtəlif olur. Bütün miflər üçün ümumi
olan cəhət budur ki, ibtidai xaosdan bu və ya digər allahlar
meydana gələrək bu və ya digər şəkildə dünyanı yaradırlar.
Dünyanın yaranması haqqında miflərin əksəriyyəti ən qədim
zamanlarda qəbilə-tayfa münasibətlərinin hökm sürdüyü Nil
vadisində yaranmışdır. Sonralar isə ictimai münasibətlərin inkişaf
etməsi, qədim misirlilərin dünyanı anlama üsullarının
təkmilləşməsi ilə əlaqədar olaraq həmin miflər də bir sıra köklü
dəyişikliklərə uğramışdır. Nəticədə dünyanın yaranması haqqında
mif bir növ «işlənmiş» şəkildə gəlib çatmışdır. Dünyanın
yaranması haqqında miflərin əksəriyyəti bizə tam şəkildə gəlib
çatmamışdır. Misir mifləri zəngin olduğu qədər, həm mürəkkəb,
həm də ziddiyyətli xarakterdədir.
Səma-inək haqqında mifə əsaslanaraq Misir mifologiyasının
xarakteri haqqında bəzi fikirlər demək mümkündür. Hər bir hadisə
üçün çoxsaylı mifoloji müddəalar mövcud ola bilər. Mifoloji
müddəalara münasibətdə səxavətlilik Misir üçün səciyyəvi bir
haldır. Ehkamlar olmadığından təriqətlər haqqında da təsəvvürlər
olmamışdır. Dini dözülməzlik və fanatizm yalnız ölkənin
tənəzzülə uğradığı dövrlərdə təzahür etmişdir. Fanatizm yalnız II
minillikdə, təqribən e.ə. 1370-ci ildə Ehnatonun Misir dinini zorla
mifologiyadan azad etmək cəhdi zamanı meydana çıxmışdır.

Ehnatona qədər magiya və fetişizm daha geniş yayılmışdı.
Misirlilər özləri üçün insana adi görünən anlayışlarla
obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri
izah etməyə cəhd edirdilər. Onlara görə həmin hadisə, obraz və
anlayışlar «allahlar dünyasına» mənsub idi. «Allahlar dünyası»
ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq
bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa, onu
özünə daxil edir, «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol»
insanın allahlar dünyasındakı bəzi ünsürləri bəşəri kateqoriyalar,
daha dəqiq desək, məntiq və hissi qavrayış kateqoriyaları ilə
vermək cəhdidir. Doğrudur, elə də olur ki, onların əksəriyyətini
təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ
e.ə. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə
həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun
əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada
Misir simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması
kimi qəbul edilə bilərdi. Həmin dövrdə hər bir simvol mifoloji
anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının
predmetinin simvolik inikası idi. Şübhəsiz, zəka simvolun
həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış
yalnız o halda həqiqidir ki, o allahlar dünyasının hər hansı bir
hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi
və insan tərəfindən etiqad kimi qəbul olunurdu.
Misir mifologiyası bütün mifoloji anlayışların cəmidir.
«Mif» ifadəsini Misir mifologiyasının müəyyən tərkib hissəsini
göstərmək üçün istifadə etmək olar. «Misir dini» bu mənada
qədim misirlilərin mifoloji anlayışlardan ümumi istifadəyə sakit
razılıq verməsinin təzahürüdür. «Misir teologiyası» bu mənada
Misir teoloqları tərəfindən mifologiyanın konstruktiv və şərhçilik
aspektlərindən təfsiridir.
Misir kahinləri öz təbliğatlarında miflərdən geniş şəkildə
istifadə edirdilər. Çoxlarına məlum olan miflər qədim dini
himnlərdə təkrar olunurdu. Amon-Ra allahların, insanların,
heyvanların və bitkilərin yaradıcısı kimi tərənnüm edilirdi. Onun
əbədi düşməni olan əjdaha-ilan üzərində qələbəsi qeyd edilirdi.
Həmin təbliğatda yaradıcı allah kimsəsizlərin və əzabkeşlərin

müdafiəçisi kimi göstərilirdi. Digər tərəfdən, müxtəlif dini-fəlsəfi
sistemlərin inkişafı ilə əlaqədar olaraq Misir dini mətnlərində daha
tez-tez dünyanın yaradıcısı-allahın əsas cizgiləri-əbədiliyi, hər
şeyə qadirliyi tərənnüm edilirdi. Allah biliklərin hakimi və bütün
kəşflərin səbəbkarı elan olunurdu. Sonralar bunun inkişafı yalnız
kahin mühiti ilə məhdudlaşır, dini-fəlsəfi təlimlərin mücərrəd
ilahiyyatçı quramaları ilə təsvir olunurdu. Mətnlər allahların
surətləri və epitetləri ilə doldurulur, onlar bir sıra predmet, hadisə
və anlayışlarla səsləşir. Bu mətnlər isə sonralar müxtəlif ibadət və
mürəkkəb mərasimlərin geni yayılmasına güclü zəmin olurdu.
Sonrakı dini-fəlsəfi traktatlar, mərasim nəğmələri və dünyanın
yaranması haqqında Misir təsəvvürləri Ellin və Roma dövrünə
qədər yaşayaraq, Misirin hüdudlarından kənara çıxır.
Misir mifoloji anlayışları sözlərdə (himnlər, dualar,
hekayələr, ayin mətnləri), hərəkətlərdə (dramatik tamaşalar,
ayinlər və s. mərasimlər), predmetlərdə və rəsmlərdə, şəkillərdə
(təsvirlər, bitkilər və göy cisimləri), yaxud canlı varlıqlarda
(padşah və heyvanlar) ifadə oluna bilərdi. Bu ifadələrdən hər biri
mənəvi təcrübəni təmsil edir, yaddaşda bir sıra dini əhval-ruhiyyə
yaradırdı. Əksər mifoloji anlayışları bu müxtəlif ifadə
formalarında hiss olaraq qavramaq olar.
Oziris və Xor haqqında mif padşahların dəfn mərasimlərini
təsvir edir. Bu mif olmuş hadisələr haqqında bir hekayə
formasında hələ II minilliyin əvvəllərində əzbər şəkildə dildəndilə,
eldən-elə keçmişdi.
Misir mifologiyasının xarakterik cəhətlərindən biri müxtəlif
tipli təsəvvürlərin bədii şəkildə birləşdirilməsidir. Səma inəyi
haqqında mif kosmik, kosmoqonik hadisə, yaxud dini adət kimi
təsvir olunur, ondan sehrbazlıq vasitəsi kimi istifadə edilirdi.
«Allahlar dünyası» adlandırdığımız yeganə mahiyyət eyni
teoloqlarda müxtəlif, bir-birinə zidd anlayışlarla ifadə oluna
bilərdi. Hər hansı ilahi qüvvə, yaxud allah çox asanlıqla digəri ilə
eyniləşdirilə bilərdi. Səma inəyi haqqında hekayədə Ra bir yerdə
Atum kimi, digər yerdə isə günəş diski kimi çıxış edir. Oko digər
şəraitdə ilanla eyniləşdirilir. Ureyem Xatxor kimi çıxış edir.
Xatxor inəyə xas olan yumşaq təbiətdən fərqli olaraq amansız

kimi təqdim olunur. Bu isə Misir mifologiyasının əsas prinsipinieyni
zamanda dəyişmək, ənənəni saxlamaq meylini bir daha əks
etdirir. Misir dininin dəyişkən forması və azad ruhu
mühafizəkarlıqla bərabərləşdirilir. Beləki, nə vaxt isə lazım olan
mifoloji konsepsiyalar faktiki olaraq heç vaxt atılmırdı. Bu
səbəbdən Misir mifologiyasının mühafizəkar xüsusiyyəti e.ə. XIX
əsrdə Misir dinini parçalamaqdan xilas etmiş, Misir dininin
daimiliyini və uzunmüddətli mövcudluğunu təmin etmişdir.
Misir və Şumer mifologiyaları arasında məlum oxşarlığı
inkar etmək qeyri-mümkündür. Lakin onların fərqi daha çox
nəzərə çarpır. Bu iki sivilizasiyanı yaradan mühitlərin oxşarlığı da
hər iki mifologiyanın oxşarlığında mühüm rol oynamışdır. Hər iki
ölkə çay vadilərində yerləşirdi ki, bu da şübhəsiz, onların
əhalisinin həyat tərzinə həlledici təsir göstərmişdir. Lakin Nil çayı
ilə Dəclə və Fərat çayları arasında fərq çoxdur. Nil Misiri iki
hissəyə - düzənliyə və deltaya bölür. Fransız alimi More demişdir:
«Təbiət Aralıq dənizi Misirini və Afrika Misirini belə yaratmışdır.
Misirlilərin çox vaxt xüsusi vurğuladığı bu «iki torpaq» arasındakı
fərq ölkənin mifoloji və bəşəri tarixinə əhəmiyyətli dərəcədə təsir
göstərmək üçün kifayət qədər böyükdür».
Qədim Misir yazısı e.ə. IV minilliyin sonunda meydana
gəlmişdi. Bu yazı sisteminin ilkin nümunələri artıq Erkən səltənət
dövründə tətbiq olunurdu. İlk Misir yazı növü piktoqrafiya, yəni
şəkli yazı adlandırılır. Ən qədim Misir yazısı sadə naxış və
müxtəlif anlayışları bildirən şəkillərdən ibarət olmuşdur. Şəkli
işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların
mənası verilirdi. Ay, günəş, ev, su və s. müvafiq oxşar şəkillərlə
ifadə olunurdu.
Misir təsərrüfatı genişləndikcə, dövlət idarə sistemi
mürəkkəbləşdikcə yazı gündəlik həyatda tez-tez tətbiq olunmağa
başladı. Bu, şəkli yazıların sadələşdirilməsinə gətirib çıxartdı.
İşarələr artıq əvvəlki mənası ilə yanaşı səs birləşmələrini, hecaları
bildirməyə başladı. Məsələn, "ulduz" işarəsi oba kimi tələffüz
olunurdu, o eyni zamanda heca kimi də işlədilirdi. Yaxud "kanal"
işarəsi mer kimi səslənirdi, mer eyni zamanda hecanı bildirirdi.
Heca bildirən işarələr vasitəsilə cümlələr tərtib olunurdu. Bunun

nəticəsində müxtəlif anlayışları və hadisələri ifadə etmək imkanı
yaranırdı. Bu yazı işarələri hələ qədimdə heroqlif, yəni "müqəddəs
işarələr" adlandırılmışdı. İlk zamanlar heroqliflərin sayı çox imiş.
Ən çox işlədilən işarələrin sayı yeddi yüzə çatırdı. Adətən
heroqliflər daş, ağac, dəri üzərində yazılırdı. Belə hallarda
heroqliflərin şəkli dəyişilmirdi. Qədim misirlilər eyni zamanda,
bitkisinin gövdəsini lazım olan ölçüdə doğrayır, sonra özəyini
uzununa çox nazik təbəqəyə ayırıb, xüsusi üsulla bir-birinə
yapışdıraraq "kağız" kimi istifadə edirdilər. Böyük mətnləri
yazmaq üçün papirus vərəqlərini uzununa bir-birinə calayırdılar
və lülə halında bükürdülər. Onların bəzilərinin uzunluğu qırx beş
metrə çatırdı. Heroqliflər papirus üzərində də yazılırdı. Belə halda
heroqliflərin ilkin şəkli xeyli dəyişilirdi. Bu yazı heroqlifikadan
fərqli olaraq heratika adını almışdı. E.ə. VIII əsrdən etibarən yazı
sistemində dəyişiklik baş vermişdi. Əvvəllər ayrı yazılan işarələr
indi bir işarədə birləşdirilirdi. Bu yazı demotika, yəni xalq yazısı
adını daşıyırdı. Bu yazı növü dövlət idarələri, ədəbi və dini
mətnlərin tərtibində işlədilirdi. Heratika vasitəsilə təsərrüfat
sənədləri, eləcə də ədəbi və elmi əsərlər yazılırdı.
Misir yazı sistemində əlifba işarələri də peyda olmuşdu.
Bunlar 21 işarədən ibarət idi, hər birisi müəyyən samiti bildirirdi.
Əlifba işarələri heroqliflərin ayrılmaz tərkib hissəsini təşkil edir
və müstəqil işlənmirdi.
Misir yazı sistemi dəyişildiyi və təkmilləşdiyi kimi onun dil
quruluşu da minilliklər ərzində eyni şəkildə qalmırdı. Qədim, orta
və yeni Misir dili bölgüsü təklif olunmuşdur. Erkən orta əsrlərdə
(III-IV əsrlər) qədim Misir dili artıq ölü dillər cərgəsinə daxil
olmuşdu. Bu zaman gipti dili işlənirdi. VII əsrdən etibarən ərəb
dili yayılmağa başladı. Hal-hazırda Misirdə dörd milyon yerli
gipti yaşayır. Onlar xristian olmaqla ərəb dilində danışır, lakin
dini ibadətlərini gipti dilində aparır, qədim ənənələri qoruyub
saxlayırlar.
Qədim misirlilərin şifahi xalq yaradıcılığı bədii ədəbiyyat
əsərlərinin əsasını təşkil edir. Ən qədim əsərlər e.ə. IV minillikdə
yaradılmışdır. Üç min il ərzində qədim misirlilər zəngin bədii
ədəbiyyat, onun müxtəlif janrlarını yaratmışdılar. Şifahi xalq

yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. Adətən
nağıllar əkinçi əhalinin məişətini, həyatını və dünyagörüşünü əks
etdirirdi. Bunlardan "İki qardaş haqqında nağıl", "Cadulanmış
şahzadə", "Düz və əyri haqqında nağıl", "Gəmi qəzasına uğramış
barədə nağıl", "Firon Xufu və cadugərlər" və s. göstərmək olar.
Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm
edirdilər, sadə adamın fərasətini, ədalətini və cəsarətini
açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz
olması ideyası əks olunmuşdur, əyanların zalımlığı və qəddarlığı
təsvir edilmişdir.
Birinci nağılda əhvalat iki qardaş - Bata və Anubis ətrafında
baş verir. Hər iki qardaş birgə işləyir, böyük qardaş Anubis, kiçik
qardaşı Bataya atalıq edir. Bir gün çöldə səpin üçün taxıl azlıq
edir, Anubis Batanı evə taxıl gətirməyə göndərir. Bata evə gələndə
Anubisin arvadı onu yoldan çıxarmağa cəhd edir, lakin Bata
nifrətlə onu rədd edir, taxılı götürüb çölə qayıdır. Axşam Anubisin
arvadı ərinin qulağını doldurub Bataya şər atır. Anubis qardaşını
öldürmək niyyətinə düşür. O, pəyədə gizlənir və Batanı gözləyir.
Bata mal-qaranı evə gətirərkən inəklərdən biri Bataya qardaşının
niyyətini açır. Bata qaçır, Anubis onu təqib edir. Allahlar Bataya
kömək edir, qardaşlar arasında keçilməz çay yaranır. Ertəsi gün
Bata qardaşına günahsız olduğunu sübut edir və uzaq ölkəyə
yaşamağa gedəcəyini bildirir. Əgər Batanın başına iş gələrsə,
qardaşı bunu qabdan içdiyi suyun köpüklənməsindən biləcəkdi.
Böyük qardaş qayıdır və arvadını öldürür.
Bata uzaq ölkədə (Sidr ağacı dərəsində) evlənir. Ovçuluqla
məşğul olur. Arvadına tövsiyə edir ki, dəniz kənarına getməsin,
çünki dəniz onu uda bilər. Arvad ərinin nəsihətini yaddan
çıxararaq dəniz sahilinə gedir. Dəniz coşur və onu təqib edir. O,
çətinliklə xilas olur, lakin onun saçından bir tük dənizə düşür və
su onu Misir sahilinə gətirir. Dəniz zülfünün xoş ətir iyini firon
Narmerə çatdırır. Ətir iyi fironun dəniz kənarında yuyulan palpaltarına
keçir. Firon aqilləri toplayır və xoş iyin səbəbini soruşur.
Firona izah edirlər ki, xoş iy sidr dərəsində yaşayan ilahə qadının
zülfündən gəlir. Firon uzaq ölkəyə qoşun göndərir, ilahə arvadı
tapdırır. Arvad Batanın həyat sirrini onlara acır və içərisində

Batanın canı olan sidr ağacını kəsdirir. Bata vəfat edir.
Anubis Sidr dərəsinə gəlir, sidr ağacının gülləri içərisində
Batanın ürəyini tapır və onu həyata qaytarır. Hər ikisi Misirə
qayıdır. Bata arvadını tapıb cəzalandırır, çünki o, Batanın canını
saxlayan sidr ağacını kəsməyi məsləhət görmüşdü. Firon öləndən
sonra Bata hökmdar olur. Nağıl xeyrin şər üzərində qələbəsi ilə
qurtarır. Burada ölən və dirilən allah mövzusu da öz əksini
tapmışdır.
"Düz və əyri barədə" nağılın da qəhrəmanları iki qardaşdır.
Kiçik qardaş böyük qardaşın paxıllığını çəkir. Qardaşlar arasında
mübahisə başlayır. Kiçik qardaş şərt kəsir ki, əgər mübahisəni
udsa, böyük qardaşın gözlərini çıxaracaqdır. Kiçik qardaş
mübahisəni udur, qardaşının gözlərini çıxarır və əmlakına sahib
olur. Bir müddət sonra qardaşının iki quluna əmr edir ki, koru
aparıb öldürsünlər. Onu səhraya aparırlar. Yazıqları gəlir, orada
qoyub qayıdırlar. Bir neçə ovçu nnu səhrada görür, evdə həmin
korun gözəlliyi barədə bacılarına danışırlar. Bacı koru görmək
istəyir, onu gətirirlər. Qız ona vurulur. Onu dalandar vəzifəsinə
təyin edir. Sonra gizlicə ona arvad olur. Onların oğlu olur,
böyüyür. Yoldaşlarından müdrikliyi və biliyi ilə fərqlənir.
Yaşıdları onun paxıllığını çəkirlər. Sataşmaq məqsədilə onun
atasının kim olduğunu soruşurlar. Uşaq bunu anasından bilmək
istəyir. Oğul atasının başına gələn hadisəni öyrənir və uzun
əhvalatlardan sonra əmisini cəzalandıraraq atasının əmlakını
qaytarır.
Bu nağıl mövzuları şərq xalqları ədəbiyyatında indi də
yaşayır. Qədim Misir nağılları "Min bir gecə" nağıl silsiləsinin
yaranmasına təsir göstərmişdi.
Qədim misirlilər təbiətdə və insan həyatında baş verən
hadisələri dini ideologiya əsasında izah edirdilər. Bunların
içərisində "Osiris haqqında" əfsanə geniş yayılmışdı. Osiris ölən
və dirilən təbiət allahı hesab olunurdu. Qardaşı Set onu
qəddarcasına öldürür. Osirisin arvadı İsida və bacısı Neftida
allahlardan kömək diləyirlər, Osirisi tapıb dirildirlər. İsidanın oğlu
olur. Adını Qor qoyurlar. Qor Setdən atasının intiqamını alır,
allahlar hakimiyyəti ona verirlər.

Misirdə də dünyanın əmələ gəlməsi haqda əfsanə vardı.
Günəş allahı Ra dünyanı xəlq edən hesab edilirdi. O, səmanı, yeri,
bitkiləri, heyvanları, quş və balıqları sudan yaratmışdı. Bu
təsəvvürlərin bəziləri qədim yəhudilərin dini dünyagörüşünə də
təsir göstərmişdi.
Misirin qonşu ölkələr ilə iqtisadi və mədəni əlaqələri bədii
ədəbiyyatın yeni janrında - səyahətlərin təsvirində öz əksini
tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl”
rəvayətini misal göstərmək olar. Firon öz məmurunu Punta
göndərir. Gəmi qəzaya uğrayır və dənizçi sirli adaya düşür.
Adanın hökmdarı xeyirxah ilan surətində ona qonaqpərvərlik
göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır.
“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan
Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs edilir. Əsərdə
Sinuxetin yolda çəkdiyi əzab-əziyyətdən, Suriyada
varlanmasından, vətən həsrətindən əzab çəkməsindən danışılır.
Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına
baxmayaraq, Sinuxet vətən həsrəti ilə yanırdı, doğma yurduna
qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o,
Misirə qayıdır.
Nəsihət xüsusiyyətli əsərlər əsasən Orta və Yeni səltənət
dövründə yaranır. Nəsihətlər mövcud olan dövlət və ictimai
quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı
təbəqələrə münasibət, dövlət idarəetmə qaydaları, mirzəlik
sənətinin üstünlüyü, xalq üsyanlarının acı nəticələri və s. əks
olunmuşdur. Nəsihət səpkili əsərlərdən "Ptaxotepin nəsihəti",
"Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti", "I
Amenexetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin
nəsihəti", "Nefertitinin nəsihəti"ni göstərmək olar.
Axtoyun oğlu Merikara nəsihəti aşağı təbəqələrə, yoxsullara
və onların sırasından çıxan fərasətli və müdrik adamlara
münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq
olmağı, fərasətliləri əzməyi oğluna tövsiyə edir. Burada dövlətin
idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu Axtoyun
nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və
mirzəlik peşəsinin daha üstün və şərəfli olması qeyd olunur.

"Ptaxotepin nəsihəti" əsərində əxlaq qaydalarından, yaxşı
davranışdan bəhs edilir, "xırda adamı" öz taleyi ilə razılaşmağa
çağırır. Onu inandırmağa çalışır ki, allah ancaq adlı-sanlı adamı
yüksəldir. Bu nəsihətə görə, xırda adamlar itaətkar olmalı, öz
ictimai mənşəyini heç zaman yaddan çıxarmamalı, vəzifəli
adamlara itaət etməlidirlər. Nəsihət mövcud olan quruluşun
möhkəmləndirilməsini tövsiyə edir.
"İpuserin kəlamı" və "Nefertitinin nəsihətləri" yoxsulların
və qulların Orta səltənətin sonunda baş vermiş üsyanını bədii
şəkildə şərh edir.
"Natiq kəndli" hekayəti kəndlinin əmlakının (iki eşşəyinin)
əlindən alınmasından, onun şikayətindən, saraya gəlməsindən,
hökmdarı öz natiqliyi ilə valeh etməsindən danışır.
"Miskin adamın öz ruhu ilə söhbəti" hekayəti dialoq
şəklində verilmiş və burada mövcud olan həyat qaydalarına etiraz
əks olunmuşdur. Əsərdə miskin adamın bədbinliyi, əzab-əziyyətli
həyatı, ölüm arzusu ilə yaşaması təsvir olunur. Əsərdə axirət
dünyasının və əbədi həyatın olmasına şübhə ilə yanaşılır, dini
dünyagörüşləri şübhə altına alınır.
Sinfi cəmiyyətdə incəsənət firon hakimiyyətinin
möhkəmləndirilməsinə xidmət edirdi.
Qədim Misir memarlığı dini ibadətin güclü təsiri altında
olmuşdu. Məhz buna görə allahların və ilahi mənşəli hesab edilən
fironun şərəfinə əzəmətli məbədlər, saraylar, ehram və heykəllər
yaradılırdı. Artıq qədim səltənət dövründə Misir memarlığını
fərqləndirən əzəmətlilik əlaməti meydana gəlmişdi. Firon
ehramları buna misal ola bilər.
Ehramın ən qədim nümunəsi Sakkarada təmsil olunmuşdur.
Firon Coserin şərəfinə burada pilləli ehram tikilmişdi. IV sülalə
fironları Xufu, Menkaura, Xafra əzəmətli ehramlar tikdirmişdilər.
Ehramın yanında, sonralar isə (XVIII sülalə dövründən etibarən)
kənarda axirət məbədləri (axirət dünyası ilə bağlı dini mərasimləri
icra etmək üçün) tikilirdi. Məbədlərin divarında ilahiləşdirilmiş
fironun həyatı və şücaətləri təsvir olunurdu. Bundan başqa,
misirlilərin gündəlik həyatını əks etdirən səhnələr də vardı: burada
dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimində iştirak

edən əkinçilər, balıqçılar, çobanlar, ağı tutanlar təsvir olunmuşdu.
Yeni Səltənət dövründə incəsənət və memarlıq yüksək
inkişaf səviyyəsinə qalxır. Bu dövrdə qayanı kəsib yeraltı dəfn
sərdabələri inşa edirdilər. I Setinin yeraltı dəfn sərdabəsinin
yüzlərlə otaqları vardı. Burada minlərlə heykəllər qoyulmuşdu.
Xəzinəsində saysız-hesabsız varidat saxlanılırdı. Ən möhtəşəm
memarlıq dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi
hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş həyət
sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri
varmış. Onun təkcə böyük salonu 16 cərgədə ucalan 134 sütundan
ibarət imiş. Böyük salonun 12 mərkəz sütunu 21 m
hündürlüyündə imiş. Salonun sahəsi 5 min m2-dən artıq imiş.
Əzəmətli tikintilərdən Deyr əl-Bəhridə Xatşepsutun xeyrat
məbədini və Mədinət-Abuda III Ramzesin böyük məbədini
göstərmək olar. III Ramzesin məbədi dördbucaq şəklində
tikilmişdi. Buraya kanal çəkilmişdi.
Qaya məbədləri əzəmətli və dəbdəbəli idi. Abu-Simbeldə II
Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Qayanın
içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon
sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və zərif
bəzəklər vurulurdu.
Heykəltəraşlıq memarlığın mühüm sahəsini təşkil edirdi.
Hər bir məbəd və saray ehram və sərdabə heykəllərlə dolu olurdu.
Bunlar həm nəhəng, həm də nisbətən xırda şəkildə yonulurdu.
Heykəltəraşlar Misir allahlarını və fironlarının surətini
yaradırdılar. Əyan və sadə adamlara həsr olunmuş heykəllər də
düzəldilirdi. Divar təsviri geniş təmsil olunmuşdu. Təsviri sənət
vasitəsilə müxtəlif səhnələr əks etdirilir, zəngin bədii surətlər
yaradılırdı. Təsviri sənət müharibə səhnələri, firon ailəsi, əkinçilik
və balıqçılıqla məşğul olma səhnələri, qurbankəsmə və dəfn
mərasimləri, hədiyyələr gətirilməsi və ov səhnələri kimi geniş
mövzuları əhatə edirdi.
Dini təsəvvürlər qədim Misir cəmiyyətinin bütün
sahələrində özünü təzahür etdirirdi, mədəniyyətin hər bir
sahəsində müəyyən iz buraxırdı. Din qədim misirlilərin
ideologiyasını təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları, yəni

heyvanlara, əşyalara və əcdadlara ibadət Misir tarixinin bütün
dövrlərində mövcud olmuşdur. Fetişizm (əşyalara ibadət) və
totemizm (totem heyvanlara ibadət) sadə dini təsəvvürlər idi.
Qədim misirlilər təbiət qüvvələrini ilahiləşdirmişdilər. Onlar
günəşə, aya, suya, Nil çayına, vəhşi və ev heyvanlarına və s.
sitayiş edirdilər. Misir dini sistemi tədricən yaranırdı və Yeni
səltənət dövründə bitkin şəklə düşmüşdü. Misirdə xeyli sayda
allahlara ibadət olunurdu. II Ramzesin Het hökmdarı ilə
müqaviləsində min Misir allahı və ilahəsi şahid kimi yad edilir.
Bu allah və ilahələrin hamısının adları məlum deyildir. Misirin hər
guşəsində dini ibadət mövcud idi. Allahlar haqda təsəvvürlər
müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi
meydana gəlmişdi. Dini təsəvvürlər nəticəsində yerli, vilayət
(nom) və ümum Misir ibadətləri möhkəmlənirdi. Adətən mərkəz
şəhərlərin allahları bu və ya digər siyasi şəraitdən asılı olaraq
ümum Misir allahına çevrilirdi.
Misir panteonunda Amon allah ali mövqe tutmuşdu. O,
allahların hökmdarı və fironun havadarı hesab olunurdu. Onun
məskəni Fiva şəhəri sayılırdı. Misir panteonunun nüfuzlu
allahlarından biri Ra idi. O, Günəş allahı kimi məlum idi. Onu
gündüz üfüqündə səma gəmisində təsəvvür edirdilər. Günəş
allahına sitayiş Heliopol şəhərində yayılmışdı. Yeni Səltənətin
əvvəlində Ra-Günəş allahı Amon allahı ilə birləşdirildi və Amon-
Ra ibadəti yarandı. Amon-Ra dünyanın yaradıcısı kimi qələmə
verilirdi. Exnatonun dövründə Aton ("Günəş üfüqü") allahına
sitayiş bərqərar oldu. Memfis şəhərində allah Ptax məskən
salmışdı. Guya Ptax allahları və dünyanı yaratmışdı. Misir
panteonunda Osiris, onun bacısı və arvadı İsida, oğlu Qor şərəfli
yer tuturdular. Osiris firon hakimiyyətinin havadarı olmaqla
yanaşı, axirət dünyasının allahı kimi təsəvvür edilirdi. O, ölən və
dirilən təbiəti təcəssüm edirdi. Təbiətdə qış və yaz fəsillərinin
gəlməsi onun adı ilə bağlanırdı. O, ər-arvad məhəbbətinin və
analığın himayəçisi idi.
Qor səma və işıq allahı idi. İlk Misir fironları Qoru firon
hakimiyyətinin havadarı kimi təsəvvür edirdilər. Qədim misirlilər
Nil çayına sitayiş edirdilər, onu Hapi adlandırırdılar. Tot

müdriklik və hesab allahı, Xatxor səma, məhəbbət və şadlıq
ilahəsi hesab edilirdi. Maat (ədalət ilahəsi), Soxmet (qüdrət
ilahəsi) və başqaları Misir panteonuna daxil idilər.
Misirlilər allahları müxtəlif heyvan görkəmində təsvir
edirdilər. Bu, ən qədim təsəvvürlərin əksi idi. Öküzə sitayiş geniş
yayılmışdı. Allah Apis öküzü təmsil edirdi. Öküz Ptax, Osiris, Ra
və s. allahları əks edə bilirdi. Amona qoyun, Soxmetə şir, Tota
əntər, Sebekə timsah görkəmi verilirdi. Dini təsəvvürlərin
təkmilləşməsi allahların totem ibadətini dəyişdirdi. Allahlar artıq
heyvan, yaxud quş başlı adam görkəmində təsvir olunurdular. Ra,
Qor şahin başlı adam, Anum, Xnum qoyun başlı adam, ilahə
Xatxor inək başlı adam görkəminə salınmışdı.
Qədim Misirdə ilk allahlar haqda da təsəvvürlər müəyyən
sistem şəklinə salınmışdı. Əvvəl guya qarmaqarışıq su aləmi
olmuş və onu Nun təmsil etmişdi. Sonra Atum su aləmindən təpə
şəklində bünövrə yaratmışdı. Sonralar Atumu Ra təmsil edirdi.
Atum-Ra qoşa allah (hava) və arvadı Tefnutu (nəmişlik)
törətmişdi. Yer allahı Heb və səma ilahəsi Nut onların törəməsi
olmaqla Osiris, İsida, Set və Neftidunu yaratmışdılar. Beləliklə,
allahların ailəsi təsəvvürü yaradılmışdı. Nəticədə allah-ata, allahana
və allah-oğul dini anlayışı meydana gəlmişdi. Bu dini ehkam
sonrakı dinlərə, xüsusilə xristianlığa təsir göstərmişdi.
Misirin ən qədim dövründə əcdadlara və onunla bağlı olan
mərhumlara ibadət mövcud idi. Misirlilərə görə ölüm insanın
varlığını məhv etmir, onu sadəcə olaraq başqa aləmə, həyatın guya
davam etdiyi axirət dünyasına aparır. Odur ki, misirlilər ölünü
başqa aləmdə əbədi həyatla təmin etməyə cəhd edirdilər.
Mərhumu dəriyə, həsirə, yaxud parçaya büküb basdırırdılar,
yanına yemək, silah, heyvan və insan heykəlcikləri (uşebtu)
qoyurdular. Qədim səltənət dövründə varlı məmurları və adlı-sanlı
kahinləri kürsü (mastab) şəkilli sərdabələrdə dəfn edirdilər. Meyiti
süni surətdə saxlamaq üçün onun içalatı çıxarılırdı və xüsusi
qablara qoyulurdu. Meyitin bədəninə duzlu maddələr və qatranlı
məhlullar sürtməklə mumiyalayırdılar. Meyiti (mumiyanı) bir çox
kətan parçalara büküb dəfn edirdilər.
Orta səltənət dövründə yeni varlı təbəqələr yaranmışdı.

Bununla bağlı mərhuma ibadət nisbətən dəyişilir. Əgər əvvəllər
dini-cadu xüsusiyyəti daşıyan yazılar ancaq hökmdarlar və
əyanların sərdabəsinə həkk olunurdusa, indi belə yazılar orta
təbəqəyə mənsub adamların daş tabutu (sərdabə) üzərində də həkk
olunurdu. Belə cadu xüsusiyyətli yazılar əsasında "Ölülər kitabı",
"Dirilmə kitabı" tərtib olunmuşdu. Kitabda sehr, himn, dua və
allah şərəfinə mədhlər vardı. Kitabın çox hissəsi cadu xüsusiyyətli
sehrlərdən ibarətdir. Belə sehrlər guya mərhumu axirət dünyasının
dəhşətindən qorumalı və onu o dünyanın səadəti ilə təmin etməli
idi. Mərhum axirət dünyasının məhkəməsində Osirisin qarşısında
hesabat verirdi. Mərhum üzərində məhkəmə qurulurdu, onun ürəyi
çəkilirdi və 42 əsas günah şərh edilirdi. Mərhum günahsız
olduğunu sübut etməli idi. Fironlar da axirət dünyası məhkəməsi
qarşısında cavab verirdilər. Günah sahibi əjdahaya yem olurdu.
Günahsız isə o dünyada əbədi həyat qazanırdı. Artıq o dövrdə
günahsız və mömin həyat sürmüş insanların axirət dünyasında
əbədi səadətə qovuşması barədə təsəvvür formalaşır.
Qədim Misirdə fironun şəxsiyyəti ilahiləşdirilmişdi.
Əvvəllər onu allah oğlu, sonra allah adlandırırdılar. Ona yer
üzünün allahı kimi sitayiş və itaət edirdilər. Hər bir ictimai etiraz,
hökmdara qarşı qiyam dini baxımdan cinayət hesab olunurdu.
İncəsənətdə hökmdarın allah oğlu olması müddəası təbliğ
edilirdi. Məbədlərdə firona ibadət xüsusi otaqlarda keçirilirdi.
Belə otaq "böyük ev" (pir-a) adlanırdı. Bu sözdən də "firon"
rütbəsi yaranmışdı. XVIII sülalə dövründə "firon" anlayışı artıq
hökmdar mənasında işlədilirdi. Otağın divarlarında fironun
həyatını əks edən təsvirlər həkk olunurdu. Bu təsvirlər fironun
ilahi mənşəli olmasına dəlalət edirdi. Buna baxmayaraq firon
hakimiyyəti dini ehkamların güclü təsiri altında olmuşdur.
Dinin geniş təsirinə baxmayaraq, insanlarda "bilik" və onun
əhəmiyyəti haqda təsəvvür yaranırdı. Əsas bilik mənbəyi
məktəblər idi. Biliklər tətbiqi xüsusiyyət daşıyırdı. Riyaziyyat
sahəsində biliklər praktiki tələbatdan doğurdu, yer ölçənlərin və
inşaatçıların işini yüngülləşdirməli idi. Sərdabələrdə xüsusi iplə
torpaq ölçən adamların şəkli çəkilirdi. Hesab və həndəsə
sahəsində sadə biliklərə malik idilər. Dəqiq riyazi hesablama

nəticəsində ehram tikmək mümkün idi. Riyazi sahədə ən böyük
nailiyyət onluq hesablama sisteminin yaradılması idi. Yazıda 1,
10, 100, 1000, 10000, 100000 bildirən işarələr tətbiq olunurdu.
Hətta milyonu bildirən işarə vardı: bu təəccübdən əllərini
qaldırmış adam şəklində təsvir olunurdu.
Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər
düzbucağın, yarım bucağın, xüsusilə bərabəryanlı üçbucağın,
trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Cəbr
sahəsində bir naməlum tənliyi çıxara bilirdilər. Astronomiya
sahəsində müəyyən nailiyyətlər əldə edilmişdi. Planeti ulduzdan
fərqləndirirdilər, ulduzların xəritəsini cıza bilirdilər. Misirlilər
xüsusi təqvim yaratmışdılar. İli hər bir ayı 30 gündən ibarət 12
aya bölmüşdülər. İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365
gündən ibarət olurdu. Misir təqvim ili tropik ildən dörddə bir
sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu.
Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad
etmişdilər.
Təbabət inkişaf tapmışdı. Diş, göz və başqa xəstəliklər
müalicə olunurdu. Misir həkimləri insanın anatomiyasına bələd
idilər. Meyitin yarılması insan orqanizminin quruluşunu
öyrənməyə imkan yaradırdı. Həkim bacardığını edirdi. Həkim
xəstəyə baxıb xəstəlik əlamətlərini və müalicə vasitələrini
müəyyənləşdirməyi bacarmalı idi. Təbabət etikası mövcud idi.
Həkim öz müalicə imkanlarını xəstəyə əvvəldən bildirməli idi və
bunu belə deməli idi: "Bu xəstəliyi mən müalicə edə bilərəm,
yaxud bu xəstəliyi mən bəlkə müalicə edə bildim, ya da xəstəliyi
mən müalicə edə bilmərəm". Cərrahlıq geniş inkişaf tapmışdı.
Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət (sivilizasiya)
mərkəzlərindən birinə çevrilmişdi. Bu sivilizasiyaya mənsub olan
dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min
il ərzində öz varlığını saxlaya bilmiş, digər ölkələrə təsir
göstərmişdi. Misir Qədim Şərqdə ən uzun ömürlü dövlətlərdən
biri olmuşdu.
Qədim Misirdə həm bədii ədəbiyyat - nağıllar, hökmdarların
öz övladlarına nəsihətləri, fəlsəfi dialoqlar, o cümlədən məşhur
«ümidi boşa çıxmışın öz ruhu ilə söhbəti» və s. geniş yayılmışdı.

Heykəllər, divar rəsmləri, daş üzərində təsvirlər Qədim Misir üçün
səciyyəvi idi. E.ə.VI əsrdə Misir farslar tərəfindən işğal
edilmişdir. Onların hökmranlığı e.ə. 405-ci ilə qədər davam
etmişdir. E.ə. 332-ci ildə Misir İsgəndər tərəfindən işğal olundu.
Onun şərəfinə tikilən İsgəndəriyyə ellin mədəniyyətinin Misirdə,
Misir mədəniyyətinin Yunanıstanda yayılmasına səbəb oldu.
Burada hündürlüyü 100 metrdən artıq olan, dünyanın yeddi
möcüzəsindən biri sayılan İsgəndəriyyə mayakı tikilmişdir.

Hiç yorum yok:

Yorum Gönder